Professor Ağarəhim Rəhimovun 75 illik yubileyi qeyd olunub
Bakı, 3 noyabr, AZƏRTAC
Bakı Qızlar Universitetində bu ali təhsil müəssisəsinin qurucusu və təsisçisi pedaqogika elmləri doktoru, professor, tanınmış yazıçı-dramaturq, ssenarist Ağarəhim Rəhimovun 75 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir yubilyara həsr olunan “Meteor yağışları” adlı filmin nümayişi ilə başlanıb.
Tədbirdə tərbiyə işləri üzrə prorektor Aygün Cəfərova professor Ağarəhim Rəhimovun mənalı ömür yolundan, geniş və səmərəli elmi-pedaqoji fəaliyyətindən, qazandığı uğurlardan danışıb. Alimin həyat və yaradıcılığı haqqında məruzələr dinlənilib. Azərbaycan dili və ədəbiyyat kafedrasının müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent Qürbət Mirzəzadə “Ağarəhim Rəhimovun yaradıcılığında ictimai, etik-əxlaqi problemlərin elmi-pedaqoji, ədəbi-bədii müstəviyə çıxarılma üsulları” mövzusunda məruzə ilə çıxış edib. Bildirilib ki, ölkədə elmi kadrların yetişdirilməsində professorun xidmətləri böyükdür. Alimin ali məktəblərin pedaqoji fakültələri üçün “Ana dilinin tədrisi metodikası”, “Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları”, “İbtidai siniflərdə oxu təlimi”, “Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı” adlı dərslik və monoqrafiyaları elmi ictimaiyyətə yaxşı məlumdur.
Universitetin tədris işləri üzrə prorektoru professor Hava Abdullayeva, fakültə dekanları dosent İlahə Quliyeva və Mirvari Akkoç, professorlar İsmayıl Kazımov və Akif Abbasov, dosent İlham Məmmədov çıxış edərək bildiriblər ki, Ağarəhim Rəhimov biliyə, bacarığa qiymət verən alimdir. Vurğulanıb ki, Ağarəhim Rəhimov gənclərin təhsilə cəlb olunmasına diqqətlə yanaşır. Qeyd olunub ki, humanitar, sosial və pedaqoji elm sahələrində qadın mütəxəssislərin hazırlanması Bakı Qızlar Universitetinin əsas prioritetlərindəndir.
Sonda yubilyar tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.