Professor: Azərbaycanın tibb kadrları dünyanın bir sıra inkişaf etmiş ölkələrində müvəffəqiyyətlə işləyirlər
Bakı, 24 fevral, AZƏRTAC
Azərbaycanda hər sahədə inkişaf olduğu kimi, səhiyyə sahəsində də tibbi texnologiyaların sürətlə inkişafı müşahidə olunur. Ölkəmizdə səhiyyə sahəsində uğurla həyata keçirilən tədbirlər bunu deməyə əsas verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, Azərbaycan Respublikasının Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Südeyif İmamverdiyev fevralın 24-də Bakıda keçirilən I Azərbaycan Endouroloji Simpoziumunda çıxışında deyib.
S.İmamverdiyev bildirib ki, xəstəxanalarda texnoloji, yeni və müasir avadanlıqların olması, yeni tibb mərkəzlərinin açılması və s. dövlətin səhiyyə sahəsinə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir: “Həmin tendensiyanın davamı olaraq biz də düşündük ki, öz tərəfimizdən bu işə necə dəstək verə bilərik, bu inkişafa hansı töhfələri verə bilərik. Qərar verdik ki, Azərbaycan Endouroloji Cəmiyyəti təsis edilsin. Bu, bizim üçün çox önəmli bir hadisə idi. Bununla bağlı müxtəlif təkliflər irəli sürülmüşdü. Nəticə olaraq belə bir cəmiyyətin yaradılması tibb sahəsində əhəmiyyətli addımların atıldığı mühüm bir aspektə çevrildi”.
“Azərbaycanın tibb kadrları nəinki ölkəmizdə, hətta dünyanın bir sıra inkişaf etmiş ölkələrində tanınmış tibb müəssisələrində böyük müvəffəqiyyətlə fəaliyyət göstərirlər. Tibb sahəsində mütəxəssislərin, yeni nəslin nümayəndələri yetkin tədqiqatçılar kimi vətənə qayıdıb fəaliyyətlərini genişləndirir və xalqımıza bu sahədə xidmət edirlər”, - deyə Südeyif İmamverdiyev diqqətə çatdırıb.