Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritmi tətbiq olunub
Bakı, 15 aprel, AZƏRTAC
Keyfiyyətli proqram sistemlərini işləyərkən müxtəlif texnologiya, metod və alqoritmlərdən istifadə olunur. Optimal proqram təminatının yaradılması üçün müxtəlif üsullar var. Bunlardan biri də qarışqa alqoritmidir. Qarışqa alqoritmini biomimetika sahəsinə aid etmək olar.
AMEA İnformasiya Texnologiyaları İnstitutunun baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudovanın “Proqram təminatının optimallaşdırılması üçün qarışqa alqoritminin tətbiqi” (Application of Ant Algorithm for Software Optimization) sərlövhəli məqaləsi məhz bu məsələlərə həsr olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ABŞ-ın “Review Of Information Engineering and Applications” jurnalında dərc edilmiş məqalədə bu sahədə olan ədəbiyyat analiz edilib, alqoritmin ideyası izah olunub. Həmçinin müxtəlif qarışqa sistemlərinin müqayisəsi aparılıb, proqram kodunun operatorları qarışqa kimi göstərilib və ona qarışqa alqoritmi tətbiq edilib. Alqoritmin tətbiqi nəticəsində proqram kodunda olan bəzi operatorlara (dövrü, şərt) keçidin ən qısa yolu tapılıb. Aparılan eksperimentlər müsbət nəticə verib.
Qeyd edək ki, “Review Of Information Engineering and Applications” jurnalı “The Conscientia Beam” Akademik Nəşriyyat Qrupu tərəfindən nəşr olunur və “RePEc” (Almaniya), “CNKI Scholar” (Çin), “Pak Academic Search” (Pakistan), “Scilit” (İsveçrə) kimi bazalarda indeksləşir.