QAÇAQMALÇILIQLA MÜBARİZƏ ÜZRƏ İXTİSASLAŞDIRILMIŞ ƏLAQƏLƏNDİRMƏ BÖLMƏSİ FƏALİYYƏTƏ BAŞLAMIŞDIR
AZƏRTAC xəbər verir ki, Avropa Birliyinin maliyyələşdirdiyi və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Cənubi Qafqazda narkotiklərə nəzarət” (SCAD) Regional Yardım Proqramının dördüncü mərhələsi ölkəmizdə də icra olunmaqdadır. Proqramın fəaliyyət istiqamətlərindən biri - “Dəniz limanlarında narkotiklərə nəzarət layihəsi” çərçivəsində Bakı Beynəlxalq Dəniz Limanında fəaliyyət göstərən hüquq mühafizə orqanları arasında əməkdaşlığın və məlumat mexanizminin daha da gücləndirilməsi məqsədi ilə Qaçaqmalçılıqla mübarizə üzrə İxtisaslaşdırılmış Əlaqələndirmə Bölməsi yaradılmışdır.
Bölmənin fəaliyyətə başlaması ilə əlaqədar fevralın 1-də Bakı Baş Gömrük İdarəsində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini Aydın Əliyev, Avropa Evinin Azərbaycan üzrə əlaqələndiricisi Nikolas Antonio, BMT-nin İnkişaf Proqramının ölkəmizdə rezident-əlaqələndiricisinin müavini Devid Eyzenberq, SCAD Proqramının milli əlaqələndiricisi Məzahir Əfəndiyev və digər şəxslərin iştirakı ilə görüş keçirilmişdir.
Görüşdə bölmənin gələcək fəaliyyəti müzakirə edilmişdir.