QAÇQINLAR İMTİYAZLARIN MÜAVİNƏTLƏRLƏ ƏVƏZ OLUNMASINI DÜZGÜN QİYMƏTLƏNDİRİRLƏR
Baş nazirin müavini, Dövlətqacqınkomun sədri Əli Həsənov Yasamal rayonunda müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərlə görüşü zamanı bildirdi ki, kommunal, nəqliyyat və digər xidmətlərlə bağlı imtiyazların müavinətlərlə əvəz olunması məcburi köçkünlərin bu xidmətlərdən istifadəsinə və onlarla təmin edilməsinə təsir göstərməyəcəkdir.
Görüşə şəhər və Yasamal rayon icra hakimiyyətlərinin nümayəndələri və paytaxtın 11 rayonunun hamısının kommunal təsərrüfatlarının rəhbərləri dəvət edilmişdi.
Əli Həsənov vurğuladı ki, dövlət komitəsinin rəhbərliyi məcburi köçkünlərin sıx yerləşdiyi 12 rayonda olmuşlar. Bu görüşlər zamanı imtiyazların hansı şərtlərlə müavinətlərlə əvəz olunduğu onlara aydınlaşdırılmışdır. Azərbaycan Prezidenti Heydər Əliyevin 2001-ci il 26 dekabr tarixli məlum Fərmanına qədər hər bir məcburi köçkünün kommunal xərclərini ödəmək üçün dövlət 15 min manat ayırırdı. Hökumət bu pulları məcburi köçkünlərin özlərinə ödəyə bilərdi. Lakin həmin məbləğ bütün kommunal xidmətlərin xərcini ödəmirdi. Əli Həsənov dedi ki, “Barmek holdinq” şirkətindən alınan məlumata görə, yanvar ayında Bakıda adambaşına 300 kilovat elektrik enerjisi sərf olunmuşdur. Hesablamalar göstərir ki, 15 min manat məbləğində müavinət hətta elektrik enerjisi xərclərinə belə çatmır. Odur ki, hökumət bu vəsaiti vətəndaşların həyat fəaliyyətini təmin edən qurumların hesabına keçirməyi qərara almışdır. Baş nazirin müavini bildirdi ki, müxalifət nümayəndələri öz məqsədlərini güdərək, ayrılmış müavinətləri məcburi köçkünlərin özlərinə verməyi təklif edirdilər. Bu da gələcəkdə həmin vətəndaşların narazılığına səbəb ola bilərdi.
Görüşdə çıxış edən məcburi köçkünlər dedilər ki, hökumət düzgün qərar qəbul etmişdir. İmtiyazların müavinətlərlə əvəz olunması vətəndaşların bu kateqoriyasının qaz, elektrik enerjisi və digər kommunal xidmətlərlə təmin edilməsinə təsir göstərməyəcəkdir.