Qadın alimlər COVID-19-la mübarizənin ön cəbhəsində
Bakı, 11 fevral, AZƏRTAC
BMT Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnaməyə əsasən fevralın 11-i “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü elan edilib. Günün əsas hədəfi 2030-cu ilə qədər dayanıqlı inkişafa nail olmaq üçün sağlamlıq, iqlim dəyişikliyi istiqamətlərində fəaliyyət göstərən istedadlar yetişdirməkdir. Bu isə o deməkdir ki, elmi sahələrdə daha çox qadın çalışmalıdır. Müxtəliflik istedadlı tədqiqatçıların əhatəsini genişləndirir, yeni perspektivlər, istedadlar açır və yaradıcı potensialı üzə çıxarır. Bu günün qeyd olunması qadın və qızların elmi və texnoloji sahələrdə rolunu, həmçinin onların elmin sahələrinin inkişafında iştirakını gücləndirməyin vacibliyini xatırladır.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu əlamətdar gün 2021-ci ildə “Qadın alimlər COVID-19-la mübarizənin ön cəbhəsində” mövzusuna həsr olunub. Pandemiya virus haqqında məlumatların dərinləşdirilməsindən başlayaraq test üsullarının işlənilməsi və peyvəndin hazırlanmasına qədər COVID-19 ilə mübarizənin müxtəlif mərhələlərində qadın tədqiqatçıların rolunu vurğuladı.
Eyni zamanda, pandemiya karyeralarına başlayan qadınlara hiss olunacaq dərəcədə mənfi təsir göstərdi. Qadınlara və qızlara elmdə dəstək üçün yeni siyasət, təşəbbüs və mexanizmlər yolu ilə həll edilməsi lazım olan elmi mühitdəki mövcud gender bərabərsizliyini genişləndirdi.
Fevralın 11-də BMT-nin baş qərargahında onlayn rejimdə “Qadınlar və qızlar elmdə” Beynəlxalq Günü 6-cı beynəlxalq konfrans keçiriləcək. Konfrans “Sərhədlərin aradan qaldırılması: cəmiyyətin xeyrinə elmdə bərabərlik” mövzusuna həsr ediləcək.