Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstana qalib gəlib
Bakı, 1 mart, AZƏRTAC
Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Gürcüstanda yerli komanda ilə növbəti yoldaşlıq görüşünü keçirib.
Azərbaycan Şahmat Federasiyasından (AŞF) AZƏRTAC-a bildirilib ki, qarşılaşma yığmanın 3-2 hesablı qələbəsi ilə yekunlaşıb.
Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Gövhər Beydullayeva və Xanım Balacayevadan ibarət komanda 3-cü turda ağ fiqurlarla mübarizə aparıb. Bu turda dörd partiya bərabərliklə yekunlaşıb. Yığma üzvü Ülviyyə Fətəliyeva öz görüşünü qələbə ilə başa vurub.
Reqlamentə əsasən, şahmatçılar 5 turda bir-biri ilə mübarizə aparacaqlar. Yoldaşlıq oyunu rəsmi xarakter daşıyır. Nəticələr FIDE reytinqinə hesablanır. Yoldaşlıq görüşü millinin Ümumdünya Şahmat Olimpiadasına hazırlıq proqramının bir hissəsidir.