“QAFQAZ” KONSERV ZAVODU İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Prezident İlham Əliyev Xaçmaza səfərinin sonunda Azərsun Holdinq şirkətinin “Qafqaz” konserv zavoduna gəlmişdir.
Dövlətimizin başçısı əvvəlcə zavodun yaxınlığındakı nümunəvi tarlaya baş çəkdi və burada yetişdirilən yüksək keyfiyyətli tərəvəz məhsullarına baxdı.
Sonra Prezident İlham Əliyev konserv zavodunun sexlərini gəzdi. Burada quraşdırılmış müasir avadanlıqla tanış olan dövlətimizin başçısına məlumat verildi ki, zavodda istehsal sahələri genişləndirilmiş, məhsulların çeşidi və işçilərin sayı xeyli artmışdır. Emal olunan şirələr, ət konservləri, müxtəlif tərəvəz və meyvələrdən hazırlanmış yüksək keyfiyyətli konserv məhsulları ölkəmizdən kənarda da yüksək qiymətləndirilir. Rəqabətə davamlı bu məhsullara böyük tələbat vardır.
Azərbaycan Prezidenti müəssisədə çalışan işçilərlə görüşüb səmimi söhbət etdi. Dövlətimizin başçısı ilə görüşdən məmnun olduqlarını bildirən işçilər dedilər ki, mərhum ümummilli liderimizin və Sizin qayğınız sayəsində fəaliyyət göstərən bu zavod işini daha da genişləndirəcək, iş yerlərinin sayı artacaqdır. Ailənizə və Sizə cansağlığı, uzun ömür arzulayırıq, Sizin uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirik.
Prezident İLHAM ƏLİYEV dedi ki, bu zavoda artıq üçüncü dəfədir ki, gəlirəm. İlk dəfə 2003-cü ilin sentyabrında açılışda iştirak etdim. Keçən il də gəlmişdim. Hər dəfə gələndə görürəm ki, yeni avadanlıq quraşdırılır, yeni sahələr açılır, istehsal olunan malların keyfiyyəti artır, çeşidləri çoxalır. Məhsul həm ölkə daxilində, həm də xarici bazarda satılır. Burada iş şəraiti yaxşıdır, mənə deyirlər ki, əmək haqqı yüksəkdir. Bu, məni çox sevindirir. Yeni iş yerinin, istehsalın yaranması büdcəyə ödənilən vergi deməkdir. Yəni nəticə etibarilə ölkəmiz daha da inkişaf edir, insanlar daha da yaxşı yaşayırlar. Hələlik bizdə işsizlik çoxdur, amma onun səviyyəsi ildən-ilə aşağı salınır. Əgər belə zavodların sayı çox olsa, onda Azərbaycanda işsizlik olmayacaqdır.
Siz də yaxşı işlə təmin olunmusunuz, maaş alırsınız. Bunlar müsbət haldır və Azərbaycanda gedən ümumi inkişafın dinamikasını əks etdirir. Azərbaycanın müxtəlif yerlərində müasir müəssisələr inşa edilir. İndi mənə dedilər ki, böyük şəkər zavodu tikilir. Bəlkə də orada minlərlə insan işlə təmin olunacaqdır. Ona görə mən hər dəfə belə gözəl müəssisələri, yüksək texnologiyaları görəndə çox sevinirəm. Sizə də arzu edirəm ki, yaxşı işləyəsiniz, uğurlar diləyirəm.
Dövlətimizin başçısı zavodun rəhbərlərinə də bəzi tövsiyələrini verərək dedi ki, fəaliyyəti genişləndirin. Azərbaycanın iqtisadiyyatını gücləndirmək lazımdır. Bunu hamı - dövlət, hökumət və özəl sektor etməlidir. Mən bu gün özəl sektorun nümayəndələri ilə görüşdüm. Çox sevinirəm ki, yeni müəssisələr, fabriklər, zavodlar sürətlə inkişaf edir, iş yerləri açılır, insanlar yüksək maaş alırlar. Azərbaycanda belə müəssisələrin sayı gərək çox olsun. Ona görə siz bundan sonra da fəal işləyin. Bu ilin 6 ayında iqtisadiyyatımızda artım 16,5 faiz olmuşdur. Bəlkə də adi vətəndaş başa düşmür ki, bu nə deməkdir. Amma reallıq odur ki, 16,5 faiz artım, sənaye istehsalının, əmək haqqının artımı - bunlar hamısı zəncirvari şəkildə inkişafı təmin edir. Ona görə siz bunu genişləndirin, tələbat daha da çox olacaqdır.
X X X
Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Xaçmaz rayonuna səfəri başa çatdı.