QAFQAZDAKI BÖHRAN YUNANISTANIN AZƏRBAYCAN VƏ RUSİYA İLƏ ENERJİ LAYİHƏLƏRİNDƏ İŞTİRAKINA TƏSİR GÖSTƏRMƏYƏCƏK
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Yunanıstanın Baş naziri Konstantinos Karamanlis Qafqazdakı böhranın ölkəsinin Azərbaycan və Rusiya ilə enerji layihələrində iştirakına təsir göstərməyəcəyini bildirmişdir.
Baş nazir “Yunanıstan Qafqazdakı böhranla əlaqədar enerji sektorundakı bəzi planlarını dondurmağa hazırlaşırmı?” sualına cavabında demişdir: “Bunlar tamamilə müxtəlif məsələlərdir. Bu, bir tərəfdən, hökumətin ölkəmizin enerji probleminin hazırda və gələcəkdə həlli üzrə məsuliyyətli mövqeyidir. Söhbət Yunanıstan-Türkiyə qaz kəmərindən (Yunanıstan bu kəmərlə Azərbaycan qazı alır) və onun İtaliyayadək uzadılmasından, digər Aralıq dənizi ölkələri, o cümlədən Misirlə əməkdaşlıqdan, habelə Burqas-Aleksandrupolis neft kəmərindən və “Cənub axını” qaz kəmərindən gedir. Digər tərəfdən, həmin məsələni bu yaxınlarda Qafqaz regionunda baş vermiş, təəssüf və narahatlıq doğuran böhranla qarışdırmaq lazım deyildir. Həmin məsələ ilə bağlı mövqeyimiz də tamamilə aydındır. Bu, prinsipial mövqeyimizdir, çünki Yunanıstanın xarici siyasətinin əsas prinsipləri beynəlxalq mübahisələrin güc işlətməklə həllini tanımamaq və ərazi bütövlüyünə hörmətlə yanaşmaqdır”.