Qafqazşünaslıq İnstitutunda il ərzində 16 tədqiqat işi aparılıb
Bakı, 23 noyabr, AZƏRTAC
AMEA-nın Qafqazşünaslıq İnstitutu Elmi şurasının videoformatda iclası keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İclası İnstitutun baş direktoru, şuranın sədri, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı açıb. Qafqazşünaslıq İnstitutunun 2021-ci ildə elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına dair hesabatı dinlənilib. Hesabatda qeyd olunub ki, 2021-ci ildə institutda 1 elmi istiqamət, 2 problem üzrə, 5 mövzuya dair 16 tədqiqat işi aparılıb. Birinci problem çərçivəsində Qafqaz dövlətlərinin siyasi və sosial-iqtisadi problemləri, ikinci problem çərçivəsində isə böyük dövlətlərin və qonşu ölkələrin, beynəlxalq və regional təşkilatların Qafqaz siyasətinin araşdırılması qarşıya məqsəd olaraq qoyulub.
Hesabat ilində institut əməkdaşlarının 6 kitabı nəşr edilib. Türkiyədə 1, Azərbaycanda isə 5 kitab və monoqrafiya çap olunub. 58-i xarici ölkələrdə (Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna, Qazaxıstan, Macarıstan, Pakistan, Almaniya, Polşa, Belarus, Yaponiya, Fransa) olmaqla 187 məqalə və tezis, internet saytlarında və qəzetlərdə isə 182 məqalə dərc etdirilib. Ümumilikdə il ərzində institut əməkdaşlarının dərc olunan əsərlərinin sayı 376 olub.
İnstitut əməkdaşlarının impakt faktorlu jurnallarda 6 məqaləsi dərc olunub. Türkiyə, Rusiya, Belarus, Avstriya, Ukrayna, İsveçrə, Polşa və digər ölkələrin alim və tədqiqatçıları institut alimlərinin əsərlərinə 54 dəfə istinad edib.
2021-ci ildə Azərbaycan, rus və ingilis dillərində “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının ikinci sayı nəşr edilib və elektron beynəlxalq seriya nömrəsi (e-ISSN) alınıb.
Hesabat dövründə institut əməkdaşları 88 məruzə ilə beynəlxalq (ölkədə - 46, xaricdə - 42), 58 məruzə ilə respublika elmi konfranslarında çıxış ediblər. Qafqazşünaslıq İnstitutunun alimləri ABŞ, Türkiyə və digər ölkələrdə fəaliyyət göstərən müxtəlif elmi cəmiyyətlərin, beynəlxalq və yerli elmi jurnalların redaksiya heyətlərinin üzvləridirlər.
Hesabat dövründə institutun www.caucasusstudies.az saytına 3500 İP ünvanından baxış olub. “Qafqazşünaslıq” elmi-nəzəri jurnalının www.jcs.az saytı fəaliyyət göstərir. İnstitutun elmi və kütləvi sosial şəbəkələrdə yeni rəsmi hesabları yaradılıb.
İnstitutda kadr hazırlığı məsələləri də uğurla həyata keçirilib. 2021-ci ildə əməkdaşlardan Elnur Kəlbizadə dosent adı alıb, 3 nəfərin fəlsəfə doktoru dissertasiya işləri müdafiə şurasındadır, 1 nəfərin işi müzakirəyə təqdim edilib. Hazırda əməkdaşlardan 3 nəfər elmlər doktoru dissertasiyası, 2 nəfər isə fəlsəfə doktoru dissertasiya işi üzərində işləyir.
Diqqətə çatdırılıb ki, hesabat dövründə əməkdaşlar müxtəlif dövlət qurumları və universitetlər tərəfindən təşkil edilən tədbirlərdə məruzələrlə çıxışlar ediblər.