“Qala” qoruğunda “BİMLAND” Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb
Bakı, 16 iyul, AZƏRTAC
“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğu ərazisində “BİMLAND” Uşaq Əyləncə Mərkəzi fəaliyyətə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud, Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatları Hicran Hüseynova, Günay Əfəndiyeva, Soltan Məmmədov və başqaları çıxış ediblər.
Bildirilib ki, bu tədbir ilk növbədə qədim Qala torpağının sakinləri, xüsusən də uşaqlar üçün yaddaqalan bayram şənliyidir. Mərkəz uşaqların asudə vaxtının səmərəli təşkilinə, eləcə də “Qala” qoruğunun turizm potensialının yüksəlməsinə töhfə verəcək.
Daha sonra qonaqlar 7 min kvadratmetrlik ərazidə salınan bu möcüzələr dünyası ilə yaxından tanış olublar. Onlar rəngarəng şou-proqramların silsilə nümayişindən zövq alıblar, yeni attraksionları ilk sınaqdan keçirənlər sırasına qoşularaq unudulmaz anlar yaşayıblar.
“Hər şey daxil” konsepsiyalı limitsiz əyləncə
Burada həm uşaqların, həm də yeniyetmələrin xəyallarını gerçəkləşdirən oyun və istirahət guşələri yaradılıb. Balacalar üçün xüsusi oyun meydançaları, 1600 kvadratmetrlik nəhəng batut sahəsi və 26 ədəd əlvan, şişirtmə batut uşaqların fiziki aktivliyi üçün fəaliyyət göstərir. Macəra və adrenalin axtarışında olanlar üçün isə “Viking” və “Bizon” kimi müasir mexaniki attraksionlar quraşdırılıb. Valideynlərin də dincəlməsi üçün ərazidə müasir kafe və restoran xidməti təşkil edilib. Üstəlik, Mərkəzin təqdim etdiyi “hər şey daxil” konsepsiyası ziyarətçilərə cəmi bir giriş bileti ilə gün boyu bütün attraksionlardan tamamilə sərbəst və limitsiz istifadə etmək imkanı yaradır.
Bakı İllüziya Muzeyinin uğurlu fəaliyyətinin davamı
Bakı İllüziya Muzeyinin direktoru Tofiq Sadıqov AZƏRTAC-a müsahibəsində bu layihənin “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə ərsəyə gəldiyini qeyd edib. O bildirib ki, artıq 4 aydır fəaliyyət göstərən Bakı İllüziya Muzeyi qısa zamanda minlərlə uşağın və ailənin sevimli ünvanına çevrilib. Bu sevgidən ilhamlanaraq uşaqlar üçün daha geniş, fərqli bir məkanın yaradılması xəyalını qısa müddətdə gerçəkləşdirib. Muzeydəki intellektual kəşflər dünyası burada geniş açıq havada fiziki fəallıq və ailəvi istirahətin harmoniyası ilə tamamlanır.
Müxbir - Mehrac Ağasıyev