Qanlı Yanvar faciəsi Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib
Bakı, 18 yanvar, AZƏRTAC
Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 27-ci ildönümü¬ ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban verən, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yanvarın 18-də Xidmətin Aparatında anım mərasimi keçirilib.
Tədbir iştirakçıları əvvəlcə faciənin ildönümü münasibətilə hazırlanmış sərgiyə baxıblar. Rəsmi hissədə şəhidlərin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində DSX rəisinin müavini, general-leytenant Azad Ələkbərov və Milli Məclisin deputatı Aydın Mirzəzadə çıxış edərək xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər.
Qeyd edilib ki, SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayət Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilməyib, əksinə milli-azadlıq mübarizəsini daha da gücləndirib. Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.
Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb, 20 Yanvar ümumxalq hüzn günü elan olunub. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiramın göstərilməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə ətraflı məlumat verilib.
Tədbirin sonunda 20 Yanvara həsr olunan sənədli film nümayiş etdirilib.