Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi
Ağdaş, 18 yanvar, AZƏRTAC
Ağdaş rayon Mədəniyyət Mərkəzində 20 Yanvar faciəsinin 32-ci ildönümünə həsr olunan tədbir keçirilib. Xüsusi karantin rejiminin tələbləri çərçivəsində təşkil olunan tədbirdə mədəniyyət işçiləri, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.
Ağdaş Regional Mədəniyyət İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Azərbaycanın suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan insanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra rayon Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Firəngiz Əliyeva məruzə ilə çıxış edib. Qeyd olunub ki, azadlığımızın bərpası yolunda ilk şəhidlərin verildiyi Qanlı Yanvar gecəsi cəsarətin, fədakarlığın, milli məfkurənin dönməz oyanışının əyani təcəssümü idi. Baş verən hadisələr xalqımızın azadlıq arzusunun, müstəqillik idealının 70 il davam edən sovet hərb maşınının repressiyasına rəğmən sönmədiyini, əksinə, yeni güc qazandığını bir daha nümayiş etdirdi. Bununla Azərbaycan xalqı zülmə, ədalətsizliyə və zorakılığa boyun əyməyəcəyini, milli iradəsinin sarsılmazlığını təkcə imperiya rəhbərliyinə deyil, bütün dünyaya göstərdi.
Daha sonra Ağdaş Xalq Teatrının təqdimatında “Şəhidlər xiyabanında bir gün” adlı səhnəcik nümayiş etdirilib, Mədəniyyət Mərkəzinin əməkdaşları və rayon məktəblilərinin ifasında 20 Yanvar faciəsinə və şəhidlərə həsr olunan şeirlər səsləndirilib, ədəbi-bədii kompozisiya təqdim olunub.
Tədbir çərçivəsində iştirakçılar 13 saylı Ağdaş şəhər kitabxana filialının hazırladığı kitab sərgisi və Ağdaş Dövlət Rəsm Qalereyasının rəssamlıq dərnəyinin azyaşlı üzvlərinin əl işlərindən ibarət rəsm sərgisi ilə də tanış olublar.