Qanlı Yanvar gecəsi xalqımız azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirdi
Bakı, 19 yanvar, AZƏRTAC
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə bağlı tədbir keçirilib. Əvvəlcə universitetin professor-müəllim heyəti və tələbələr şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Universitetdən AZƏRTAC-a verilən məlumata görə, tədbirdə çıxış edən rektor Fərəh Əliyeva 20 Yanvar hadisələrindən danışıb. Vurğulayıb ki, həmin hadisələr zamanı Azərbaycan xalqı azadlıq uğrunda mübarizə əzmini bütün dünyaya nümayiş etdirib. Məhz bu əzm və iradə sayəsində xalqımız müqəddəs arzusuna çatıb, azadlığına qovuşub.
Tədbirdə universitetin kino-televiziya sənətləri kafedrasının müdiri Rafiq Quliyev 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə canlı şahidi olduğu məqamlardan, qarşılaşdığı təzyiqlərdən söz açıb.
Daha sonra ADMİU-nun şəhid məzunları Azər Ələkbərov və Vaqif Əhmədova həsr olunmuş “Son imtahan” filmi izlənilib.
Tədbir iştirakçıları Şəhidlər xiyabanını ziyarət edib, eləcə də ADMİU-nun şəhid məzunu Azər Ələkbərovun büstü və şəhid Əliyusif Qocamanovun xatirə lövhəsinin qarşısına tər güllər düzüblər.