Qanlı Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində anılıb
İğdır, 19 yanvar, AZƏRTAC
Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.
Azərbaycanın Qarsdakı baş konsulluğu, İğdır Universiteti, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyi və İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən mərasimdə rəsmi şəxslər, Azərbaycanı və Türkiyəni təmsil edən elm və mədəniyyət adamları, QHT və KİV təmsilçiləri, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib, şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra Qanlı Yanvar gecəsi çəkilmiş dəhşətli kadrları əks etdirən sənədli filmin nümayiş etdirilib.
Baş konsul Nuru Quliyev, İğdır vilayətinin valisi Ənvər Ünlü, İğdır Universitetinin prorektoru Səlim Ərdoğan, Əsassız Erməni İddiaları ilə Mübarizə Dərnəyinin sədri Göksal Gülbəy, Azərbaycan Evi Dərnəyinin sədri Sərdar Ünsal, İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri Ziya Zakir Acar və başqalarının çıxışları dinlənilib.
Çıxışlarda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş SSRİ rəhbərliyin Bakıya qanunsuz olaraq qoşun yeritməsi Azərbaycanın suveren hüquqlarına qəsd kimi dəyərləndirilib. Çıxışçılar ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskva şəhərindəki daimi nümayəndəliyində səsləndirdiyi siyasi bəyanatın tarixi mahiyyəti, sovet tankları qarşısına çıxan əliyalın Azərbaycan xalqının qəhrəmanlığı, şəhidlərimizin adının uca tutulması kimi məsələlər barədə danışıblar.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır