Qara dəniz ölkələrinin gəncləri “Xocalıya ədalət” kampaniyasına dəstək vermişlər
Bakı, 21 fevral (AZƏRTAC). “Azərbaycan-Amerika Gəncləri” İctimai Birliyinin təşkilatçılığı ilə İstanbulda “Qara Dəniz bölgəsində etimad mühitinin və mədəniyyətlərarası dialoqun gücləndirilməsi” mövzusunda beynəlxalq Gənclər Forumu keçirilmişdir. Forum çərçivəsində “Xocalıya ədalət” beynəlxalq təbliğat-təşviqat kampaniyasının təqdimatı olmuşdur.
Kampaniyanın əlaqələndiricisi Sevinc İsgəndərova AZƏRTAC-a bildirmişdir ki, forum iştirakçılarına soyqırımı, eləcə də “Xocalıya ədalət” çərçivəsində keçirilən tədbirlər haqqında məlumat verilmişdir.
Qeyd edilmişdir ki, İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyası çərçivəsində bir sıra mühüm işlər görülmüşdür. Bu tədbirlər nəticəsində artıq dünyanın əksər ölkələrinin parlamentləri, həmçinin beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsi soyqırımı kimi tanınmışdır. Forum iştirakçılarının diqqətinə çatdırılmışdır ki, artıq beş ilə yaxındır ki, həyata keçirilən kampaniyanın əsas məqsədlərindən biri olan Xocalı soyqırımına beynəlxalq səviyyədə hüquqi-siyasi və mənəvi qiymətin verilməsinə və beynəlxalq sənədlərdə insanlığa qarşı cinayət və soyqırımı kimi tanınmasına nail olmaq üçün aparılan işlər bəhrəsini vermişdir.
Tədbirdə “Xocalıya ədalət” kampaniyasına dəstək verilməsinə çağırış edilmişdir. Qara dəniz ölkələrindən olan iştirakçılar, o cümlədən bir sıra beynəlxalq gənclər təşkilatları kampaniyaya dəstək nümayiş etdirmişlər. Eyni zamanda, kampaniya tərəfindən Xocalı həqiqətləri barədə əyani vəsaitlər öz ölkələrində nümayiş etdirilməsi üçün həmin təşkilatlara təqdim olunmuşdur.