Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir - ŞƏRH
Bakı, 11 may, AZƏRTAC
Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzur bərpa olunur, yenidən qurulur. Artıq işğaldan azad olunmuş ərazilərimizdə 85 minə yaxın vətəndaş məskunlaşıb, təhsil alır. Çox qısa zamanda Qarabağ və Şərqi Zəngəzurun yenidən canlanması həyata keçirildi.
Bu barədə AZƏRTAC-a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
O deyib ki, artıq Qarabağ Azərbaycan iqtisadiyyatının inkişaf drayverlərindən birinə çevrilməkdədir. Dövlət başçısının Zəngilan səfərində qeyd etdiyim məqamlar həm Azərbaycanın bütövlükdə əldə etdiyi uğurların bir daha qiymətləndirilməsi, eyni zamanda, işğaldan azad olunmuş ərazilərimizin regionun inkişafındakı rolunu xarakterizə edir. Belə ki, artıq Zəngəzur dəhlizinin Azərbaycan hissəsi demək olar ki hazırdır. Zəngilan daxil olmaqla biz Şərqi Zəngəzurda nəqliyyat və logistikanın inkişafını müşahidə edirik. Bu da yalnız həmin bölgə və Azərbaycan üçün deyil, bütövlükdə region üçün yeni imkanlar deməkdir. Çünki bu, beynəlxalq yükdaşımaların həcminin artmasına, eyni zamanda daha çox yüklərin Azərbaycan üzərindən daşınmasına imkan yaradacaq: "Bu, həmçinin imkan verəcək ki, bütövlükdə region Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasından, iqtisadiyyatının inkişafından və reinteqrasiyasından faydalansın. O baxımdan bu gün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən siyasət bütövlükdə regionda sülhə və inkişafa xüsusi töhfədir. Bu, bir daha təsdiq edir ki, bölgədə düzəni formalaşdıran Azərbaycan eyni zamanda yeni infrastruktur layihələri ilə regionun iqtisadi inkişafına xüsusi dəstək nümayiş etdirir".