SİYASƏT
QARABAĞ BOQDANA KOSTYUKUN GÖZÜ İLƏ
Ermənistanin təcavüzü nəticəsində Azərbaycan xalqının başına gəlmiş müsibətlər, azərbaycanlı qaçqın-köçkünlərin faciəsi obyektiv, vicdanlı siyasətçilərdə, jurnalistlərdə, ictimai xadimlərdə və din xadimlərində, dünyanın müxtəlif ölkələrinin sadə adamlarında getdikcə daha çox qəm-kədər hissi oyadır.
Azərbaycana dost olan Ukraynada da biz ukraynalıların qəti və ədalətli mövqeyimizi - Vətənimizin ərazi bütövlüyünün, suverenliyinin qorunub saxlanması, yurd-yuvasından qovulmuş insanların daimi yaşayış yerlərinə qaytarılması tələbimizi dəstəklədiyini hiss edirik.
Avropanın bu böyük ölkəsində bizim dostlarımız, o cümlədən jurnalistlər arasında həmfikirlərimiz çoxdur. Onlardan biri də “Azadlıq” radiostansiyasının Ukrayna şöbəsinin beynəlxalq icmalçısı xanım Boqdana Kostyukdur.
AZƏRTAC-ın xüsusi müxbirinə məlum olmuşdur ki, bu jurnalist Qarabağ problemi ilə, Azərbaycan xalqının faciəsi ilə yaxşı tanışdır. Boqdana Kostyuk 1992-ci ildə İngiltərənin “Bi-Bi-Si” korporasiyasının reportyoru kimi Dağlıq Qarabağda ezamiyyətdə olmuşdur.
B.Kostyuk deyir ki, mən sadə azərbaycanlılarla görüşürdüm və itirdikləri doğma ocaqların həsrətini və ağrısını onların gözlərindən sezirdim. Mən Xocalı faciəsinin əks olunduğu sənədli kadrları görəndən sonra şok vəziyyətinə düşmüşdüm.
Bu vicdanlı və obyektiv jurnalist fevralın 26-da, Xocalı soyqırımının 11-ci ildönümü günü Azərbaycanın Ukraynadakı səfiri Tələt Əliyevdən “Azadlıq” radiostansiyasının Ukrayna və Azərbaycan redaksiyaları üçün müsahibə almışdır.
Azərbaycan xalqının milli matəm günü Xocalının günahsız qurbanlarını bizimlə bir yerdə Ukrayna jurnalistləri, o cümlədən Boqdana Kostyuk da yad etmişdir.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev