Qarabağ ədəbi mühiti: "Məclisi-üns" necə yarandı?
AZƏRTAC Xurşidbanu Natəvana həsr olunan yazılar silsiləsini davam etdirir
Bakı, 17 iyul, AZƏRTAC
Xurşidbanu Natəvanın yaradıcılığının çiçəklənməsi maarif və elmin, ictimai şüurun inkişafı ilə çox bağlı idi. Ərəb, fars və rus dilində təhsil görmüş bir qrup Qarabağ ziyalıları şair Mirzə Rəhim Fənanın təşəbbüsü ilə onun yaxın dostu şair Hacı Abbas Agahın bazar yaxınlığındakı ikimərtəbəli evinə yığışaraq, kitab oxuyur, tarix və ədəbiyyatdan söhbət açırdılar. Belə söhbətlərdə onlar şeir yazmağa meyil göstərir və bu şeir yazmaq cəhdi tədricən sənətkarlıq ehtirasına çevrilirdi. Xurşidbanu da ziyalıların məşğələsinə maraq göstərirdi. Dəstənin üzvləri artdıqca Şuşada şairlər məclisi təşkil etmək zərurəti meydana çıxırdı. Lakin məclis düzəltmək üçün şərait və imkan yox idi. Ziyalılar yalnız Natəvanın köməyinə ümid edirdilər.
Bəylər Məmmədovun müəllifi olduğu, Mustafa Çəmənlinin isə “Ön söz”ünü yazıb redaktə etdiyi "Xurşidbanu Natəvan" kitabında şairənin və "Məclisi-üns" ədəbi məclisinin yaranması ilə bağlı müxtəlif maraqlı məlumatlar yer alır. AZƏRTAC həmin məlumatları oxuculara təqdim edir.
Xurşidbanu kimi ədəbiyyatı, incəsənəti və maarifi qiymətləndirən bir şəxsin şeirsevərlər dəstəsinə yaxınlaşması şairləri xüsusilə ruhlandırır. 1872-ci ildə şair Mirzə Rəhim Fənanın hökumət qulluğundan çıxaraq, mülk və təsərrüfat işlərinə baxmaq üçün Xurşidbanunun evində xidmətə girməsi, məclisin təşkilini daha da sürətləndirdi. Həmin vaxtdan şairlər dəstəsinin Natəvanla tez-tez görüşmək və evinə dəvət edilmək halları çoxaldı. Beləliklə, Xurşidbanu Natəvanın maddi köməyi və mənəvi yardımı ilə arzu olunan məclis tezliklə yarandı. Şairlər məclisini rəsmi olaraq “Məhvili-üns”, yaxud “Məclisi-üns” (Dostluq, ülfət məclisi) adlandırırlar. Məclisə rəhbərliyi və onun bütün xərclərini Natəvan öz üzərinə götürürdü. Məclisin katibi Mirzə Rəhim Fəna, məsləhətçisi isə qocaman şair Mirzə Sadıq Piran oldu. Şairlərə verilən təxəllüsü Mirzə Sadıq Piran təsdiq edirdi. “Natəvan” (“köməksiz”, “kimsəsiz”) təxəllüsü də Xurşidbanuya “Məclisi-üns”ün qərarı ilə verilmişdir.
1872-ci ildə “Məclisi-üns”ün təşkili ilə Xurşidbanu Natəvanın yaradıcılığında yeni bir mərhələ başladı. Onun yazdığı şeirlər müntəzəm olaraq izlənir, əsl sənət nümunəsi kimi qiymətləndirilirdi.
Məclis üzvləri yalnız qəzəl deyil, həm də hekayə və təmsillər yazıb, bədii əsərlər tərcümə edib, təsviri incəsənətlə məşğul olurdular. Bundan əlavə məclisdəkilər musiqi yaradıcılığı ilə də yaxından maraqlanırdılar. Bu məqsədlə şəhərin məşhur xanəndələri və ifaçıları məclisə dəvət edilirdi.
“Məclisi-üns”ün yaranması bir-birinin ardınca Şamaxıda “Beytüssəfa”, Bakıda “Məcməüşşüəra”nın, Lənkəranda “Fövcül füshəha”nın təşkilinə səbəb oldu.
Qarabağda ciddi fəaliyyət göstərən “Məclisi-üns” və “Məclisi-fəramuşan” həmin məclislər içərisində üzvlərinin sayına və bədii qüdrətinə görə yüksək mövqe tuturdu. Firudin bəy Köçərli Şuşa ədəbi məclislərinin ümumi şeirimizin inkişafındakı əhəmiyyətindən danışarkən demişdir: “Xüsusilə Qarabağ şairləri nəhəng qartallar kimi Şuşa dağlarının poetik zirvəsində məskən salaraq, öz fövqələrindən poeziyaya ton verirdilər”.
Qarabağ ədəbi məclisləri Azərbaycan mərhələlərindən əlavə, Tiflis, Kəlküttə, Bombey, Buxara, Mərv şəhərləri ilə də ədəbi əlaqə saxlamış və məktublaşmışdır. Asinin, Növrəsin, İbrahim Tahirin cağatay dilində yazdıqları şeirlər, Kəlküttədə çıxan “Həblül-mətin” səhifələrindən divanlara köçürülmüş mənzumələr bu fikri təsdiq edir.
Məclis üzvləri klassik şairləri özlərinə ustad qəbul edirdilər. Onlar Firdovsinin, Nizami, Xəyyam, Hafiz, Nəvai, Füzuli və Vaqif kimi şairlərin şeirlərinə yazdıqları nəzirə, təxmis və iqtibasları ilə poetik zirvəyə qalxmağa, bədii təsir və fikir parlaqlığını saxlamağa çalışmışdılar.
Xurşidbanu Natəvan belə bir ədəbi mühitdə yaşayır, eyni zamanda, Nizami, Nəvai, Füzuli kimi nəhəng şəxsiyyətlərin yüksək poetik ənənələrindən tərbiyə alıb böyüyürdü. O, sənətdə Füzuli yaradıcılığını daha çox izləyir və Füzuli ədəbi məktəbinin davamçılarından biri kimi şöhrət qazanırdı. Lirik şair kimi Natəvan, Füzuli sənətini özündə yaşadırdı.
Dövrün poetik hadisələrinin mərkəzində dayanan Natəvan nəinki Qarabağdakı məclislərə rəhbərlik edir, hətta Azərbaycanın müxtəlif şəhərlərində yaşayan şairlər arasında da şərəfli mövqe tuturdu.
Ədəbiyyatşünas H.Zeynallı Xurşidbanunun Şuşa, Şirvan və Bakı ədəbi məclislərinə göstərdiyi təsir barədə yazır: “Natəvan bu üç şəhərdəki cəmiyyətin dördünə də icrayi-nüfuz etmişdi. Əliaçıq olduğu üçün hər yerdə böyük mövqe, böyük ehtiram qazanmışdı. Lütfü və inayəti cəmiyyətlərin bütün şairlərinə şamil olmuşdu.
Ardı var......