“Qarabağ: folklor da bir tarixdir” çoxcildliyi xüsusi mükafata layiq görülmüşdür
Bakı, 27 sentyabr (AZƏRTAC). Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun nəşri olan “Qarabağ: folklor da bir tarixdir” kitabı Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən III Bakı Beynəlxalq kitab sərgi-yarmarkasında “Ən yaxşı kitab” nominasiyasının xüsusi mükafatına layiq görülmüşdür.
İnstitutdan AZƏRTAC-a bildirmişlər ki, mükafat sentyabrın 25-də sərgi-yarmarkanın bağlanışı münasibətilə keçirilən tədbirdə qalibə təqdim olunmuşdur.
İctimai xadimlərin, sənət və ədəbiyyat adamlarının, naşirlərin və mətbuat nümayəndələrinin iştirakı ilə keçirilən mərasimdə çıxış edən Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Muxtar İmanov göstərilən diqqətə və verilən dəyərə görə sərgi-yarmarkanın təşkilatçılarına minnətdarlığını bildirmişdir.
Mükafata layiq görülən kitab haqqında məlumat verən direktor Qarabağı özümüzə və dünyaya daha yaxından tanıtmaq üçün Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun 2012-ci ildə “Qarabağ folklorunun toplanması, sistemləşdirilməsi və araşdırılması” üzrə xüsusi layihə hazırladığını və İnstitutun bir çox əməkdaşlarının layihənin icrasına cəlb edildiyini söyləmişdir. Bildirmişdir ki, layihənin əsas məqsədi Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı folklor mühiti kimi diqqət mərkəzində saxlamaq, onun qeyri-maddi mədəni irsini toplamaq, sistemləşdirmək, nəşr etmək, araşdırmaq və təbliğ etməkdir. Məqsəd həm də bölgənin folklor resurslarını müəyyənləşdirmək, sosial-mənəvi həyatında folklorun iştirakının fəallıq dərəcəsi haqqında müəyyən təsəvvür əldə etməkdir.
Diqqətə çatdırılmışdır ki, artıq layihə çərçivəsində dörd kitab çap olunmuşdur. Bu kitablarda 90-dan artıq mifoloji mətn, 400-dən çox əfsanə və rəvayət, 180-dən artıq nağıl, 200-dən çox lətifə, 500-ə yaxın atalar sözü, 1000-dən artıq bayatı, həmçinin laylalar, oxşamalar, düzgülər, uşaq folkloruna aid digər nümunələr dərc olunaraq oxuculara təqdim edilmişdir. Bundan əlavə, kitabda bölgədə yaşayan nəsillər və tayfalar, sovet rejiminə qarşı mübarizə aparmış qaçaqlar haqqında, bölgə əhalisinin məişətinə, həyat tərzinə dair maraqlı etnoqrafik məlumatlar da öz əksini tapmışdır. Bununla belə, bu cildlər bölgə folklorunu hələ tam əhatə etmir. Şübhəsiz, bu iş gələcəkdə də davam etdiriləcək, Qarabağın bütün rayonlarına və məcburi köçkünlərin məskunlaşdıqları məntəqələrə ardıcıl ezamiyyələr təşkil etməklə bütövlükdə bölgənin folkloru, şifahi irsi haqqında dolğun təsəvvür yaradacaq kitablar ortaya qoyulacaqdır.