“Qarabağ həqiqətlərinin dünyaya çatdırılması” mövzusunda onlayn müzakirə keçirilib
Bakı, 19 may, AZƏRTAC
“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Tural Gəncəliyev və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Fərid Ədilovun iştirakı ilə “Qarabağ həqiqətlərinin dünyaya çatdırılması” mövzusunda onlayn müzakirə təşkil edilib.
Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, onlayn müzakirənin keçirilməsində məqsəd erməni işğalı və bunun nəticəsində dinc əhalinin üzləşdiyi məhrumiyyətlər barədə məlumatların dünya ictimaiyyətinə tam və hərtərəfli şəkildə çatdırılmasında yeniyetmə və gənclərin düzgün istiqamətləndirilməsi, habelə onların məlumatlılığının artırılması olub.
İlk olaraq qeyd edilib ki, mayın 8-də Qarabağın ürəyi Şuşa, 18-də Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib və ümumiyyətlə, bu işğal nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib, bir milyondan çox vətəndaşımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb.
Tural Gəncəliyev müzakirə zamanı qeyd edib ki, işğal nəticəsində soydaşlarımız öz doğma torpaqlarından qaçqın və məcburi köçkün düşüb, ermənilər tərəfindən öldürülüb, itkin düşüb, əsir götürülüb və Azərbaycana məxsus mədəni irs erməni vandalları tərəfindən məhv edilib. O, həmçinin bildirib ki, hazırda öz doğma torpaqlarımıza qayıtmaq üçün məqsədimiz bu istiqamətdə işlərimizi intensiv aparmaq və bütün gücümüzü bura səfərbər etməkdir.
Fərid Ədilov müzakirələr zamanı diqqəti münaqişə nəticəsində öldürülən və işgəncələrə məruz qalan azyaşlı uşaqlar, qadınlar və qocalara yönəldib. O, müharibə nəticəsində həlak olmuş, itkin düşmüş, valideynlərini itirmiş və əlil olmuş uşaqlar haqqında məlumat verib və bu istiqamətdə komitə tərəfindən real faktlar və rəsmi məlumatlar əsasında Azərbaycan və ingilis dillərində hazırlanmış “Uşaqlar müharibənin günahsız qurbanlarıdır” adlı kitabın əhəmiyyətini qeyd edib.
Onlayn müzakirə zamanı, həmçinin qeyd edilib ki, bu gün erməni yalanlarının ifşa edilməsi, Qarabağla bağlı həqiqətlərin daha geniş ictimaiyyətə çatdırılmasında hər birimiz fəal olmalı, öz vətəndaşlıq mövqeyimizi nümayiş etdirməliyik. Bu işdə informasiya üstünlüyünə malik olmaq, eləcə də yalan erməni təbliğatına qarşı mübarizədə yeniyetmə və gənclərin də üzərinə mühüm vəzifələr düşür.
Onlayn müzakirə çərçivəsində izləyicilər tərəfindən onları maraqlandıran suallar cavablandırılıb.