Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları rayondakı 100 aztəminatlı ailəyə sovqatlar paylayıblar
Bakı, 20 aprel, AZƏRTAC
Xüsusi karantin rejimi dövründə gücləndirilmiş rejimdə xidmət aparan Daxili İşlər Nazirliyinin (DİN) şəxsi heyəti bu müddət ərzində öz nəcib və xeyirxah əməllərindən də geri qalmır.
DİN-in mətbuat xidmətinin AZƏRTAC-a bildiriblər ki, həmişə qayğıya ehtiyacı olan insanların yanında olan Azərbaycan polisi koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar ehtiyacı olan aztəminatlı ailələrə dəstək olmaqda davam edir.
Bu dəfə DİN-in Baş Mühafizə İdarəsinin Qaradağ Rayon Mühafizə İdarəsinin əməkdaşları rayon ərazisində maddi dəstəyə ehtiyacı olan 100 aztəminatlı ailənin gündəlik tələbatlarını ödəyəcək müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar paylayıb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev başda olmaqla, daxili işlər orqanlarının şəxsi heyətinə minnətdarlıqlarını bildiriblər.