Qaradağ rayonunda 20 Yanvar faciəsi əlilləri və şəhid ailəsi ilə görüş keçirilib
Bakı, 19 yanvar, AZƏRTAC
Qaradağ Rayon İcra Hakimiyyətində 20 Yanvar faciəsinin iştirakçıları və 20 Yanvar şəhidinin ailəsi ilə görüş keçirilib.
İcra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov da iştirak ediblər.
Görüşdə 20 Yanvar hadisələrinin xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov bildirib ki, bu cinayət Azərbaycan xalqının iradəsini qıra bilmədi. Xalqımızın qan yaddaşına silinməz faciə olaraq yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq, eyni zamanda, xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20 Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldı və 1994-cü ildə 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildi.
Milli Məclisin deputatı Aydın Hüseynov çıxış edərək bildirdi ki, 20 Yanvar Azərbaycan tarixinin qanlı səhifəsidir və bu faciə xalqımızın yaddaşında əbədi qalacaqdır. Dövlət tərəfindən faciə qurbanları və iştirakçılar daim xatırlanacaq və onlara lazımi diqqət və qayğı göstəriləcək.
Söhbət zamanı Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən mövzular ətrafında öz fikirlərini bildirib.
Görüşün sonunda 20 Yanvar faciəsi əlillərinə və şəhid ailəsinə maddi və ərzaq yardımı göstərilib.