Qaranlığa nur saçan zəka
İmişli, 28 aprel, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illik yubileyi ilə əlaqədar “Qaranlığa nur saçan zəka” adlı tədbir keçirilib.
Tədbirdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Milli Məclisin deputatı Jalə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyəti iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, görkəmli dövlət xadiminin əziz xatirəsi böyük ehtiramla anılıb. Heydər Əliyev Mərkəzində davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Zərifə xanım Əliyevanın mənalı ömür yolu, elmi və akademik fəaliyyəti haqqında çıxışlar dinlənilib. Bildirilib ki, Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisi canlanır. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir. Çıxışlarda onun təhsil, səhiyyə sahələrində, eləcə də ictimai-siyasi sahələrdəki misilsiz xidmətlərindən danışılıb. Həmçinin nadir xeyriyyəçilik xüsusiyyətlərinə görə xalqımızın qəlbində, ölkəmizin tarixində dünyaşöhrətli alim, nümunəvi, qayğıkeş pedaqoq, şəfqətli həkim, səmimi və sədaqətli vətəndaş, eləcə də məğrur Azərbaycan qadını kimi daim yaşayacağı diqqətə çatdırılıb.
Həmçinin akademik Zərifə xanım Əliyevanın şərəfli ömür yolu və fəaliyyətini əks etdirən videoçarx izlənilib. Tədbirin sonunda mədəniyyət işçilərinin ifasında bədii kompozisiyalar nümayiş olunub.