Qarsda keçirilən anım tədbirində Ulu Öndərin siyasi hakimiyyətinin Azərbaycana gətirdiyi uğurlardan danışılıb
Ankara, 11 dekabr, AZƏRTAC
Azərbaycanın Türkiyənin Qars şəhərindəki Baş konsulluğunda ümummilli lider Heydər Əliyevin vəfatının 17-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin Qarsdakı Heydər Əliyev Parkında yerləşən abidəsi önünə tər çiçəklər düzüb, Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad ediblər.
AZƏRTAC xəbər verir ki, Qars valisi Türkər Öksüz, bölgədəki hərbi birliyin komandanı, general Özgür Nuhut, polis rəisi Yavuz Sağdıç, yerli sərhəd xidmətinin komandanı, polkovnik Hidayət Arıkan, Qarsın Baş prokuroru Soner Aygün, Qafqaz Universitetinin rektoru Hüsnü Kapu, Ədalət və İnkişaf Partiyasının (AKP) Qars təşkilatının rəhbəri Adəm Çalkın və başqaları mərasimdə iştirak ediblər.
Anım tədbirində Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad ediləndən sonra Ümummilli Liderimizin zəngin mənalı həyat və fəaliyyətini əks etdirən sənədli film nümayiş olunub.
Azərbaycanın Qars şəhərindəki baş konsulu Nuru Quliyev çıxışında ulu öndər Heydər Əliyevin təxminən yarım əsri əhatə edən siyasi hakimiyyətinin Azərbaycana gətirdiyi uğurlardan, xilaskarlıq missiyasının mahiyyətindən danışıb.
Ulu öndər Heydər Əliyev Azərbaycanda qüdrətli ordu quruculuğuna hər zaman böyük önəm verdiyini diqqətə çatdıran baş konsul deyib ki, Bakıda keçirilən Zəfər paradı bu məqsədyönlü siyasətin və onun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Qeyd olunub ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz Azərbaycan Ordusu işğal altındakı Azərbaycan torpaqlarını azad etməklə tarixi zəfər qazanıb.
Ümummilli lider Heydər Əliyevin möhkəm təməl üzərində qurduğu və həyata keçirdiyi sabitlik və inkişaf strategiyasının Azərbaycan və Türkiyə üçün tarixi əhəmiyyət daşıdığını diqqətə çatdıran Qars valisi Türkər Öksüz bildirib ki, iki qardaş ölkənin liderliyi ilə həyata keçirilən iqtisadi layihələr böyük bir coğrafiyada inkişaf və tərəqqini təmin edib.
Çıxışlarda ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsi üçün həyata keçirdiyi siyasətin nəhəng nəticələrindən danışılıb. Qeyd olunub ki, Heydər Əliyev şəxsiyyətini tarixi missiyasını yüksək dəyərləndirən xalqlarımız bundan sonra da Ulu Öndərimizin əziz xatirəsini qəlbində yaşadacaq.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara