REGİONLAR
Qax Dövlət Kukla Teatrı gənclərə “Xeyir və Şər” tamaşasını təqdim edib
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718532687628340_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718533101820967_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718531788264221_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_161706871853902340229_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718535534638763_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718546201742268_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_161706871854508051999_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718542393864732_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718542592645079_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_1617068718541193950949_1200x630.jpg)
![](/files/galleryphoto/2024/1/1200x630/w_161706871854101709292_1200x630.jpg)
Qax, 2 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Gənclər Günü münasibətilə Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən “Gəncliyin səsi” festivalı çərçivəsində Qax Dövlət Kukla Teatrında sərgi təşkil olunub, teatr tamaşası təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində yaradıcı gənclərin əl işləri və rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Sonra tədbir iştirakçılarına dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin “Xeyir və Şər” əsəri əsasında hazırlanmış eyniadlı tamaşa təqdim olunub. Tamaşaya başlamazdan əvvəl şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Teatrın direktoru vəzifəsini icra edən, Əməkdar artist Yusif Abdurahmanov və ədəbi-bədii hissə müdiri Osman Abdullayev çıxış edərək, gəncləri əlamətdar bayram münasibətilə təbrik edib, ölkəmizdə yeniyetmə və gənclərin hərtərəfli inkişafı və qabiliyyətlərinin üzə çıxarılması üçün geniş imkanların açıldığını vurğulayıblar. Gənclər Gününə həsr olunmuş sərgidə fəal iştirak edən gənc rəssamlara fəxri fərmanlar təqdim olunub.
Rejissor Yusif Abdurahmanovun quruluş verdiyi tamaşada Xeyir obrazını aktyor İlmar Abdullayev, Şər obrazını isə Araz Mehrablı canlandırıblar. Tamaşanın kuklalarla təqdim olunan hissəsində isə rolları aktyorlar Afət Yaqubova (Xeyir), Azər Kərimov (Şər), həmçinin Aynurə Abbasova (şahzadə), Elnarə Razıyeva (qulluqçu), Cəbrayıl Quluşov (dəvə) ifa ediblər. Tamaşanın rəssamı Mayis Abdullayevdir.
Teatrın direktoru vəzifəsini icra edən Yusif Abdurahmanov AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində bildirib ki, hazırda teatrda çalışanların əksəriyyəti gənclərdir. Onların qabiliyyətlərinin üzə çıxarılması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılıb. Teatr rəsmisinin sözlərinə görə, hazırda bu sənət ocağında E.Çernyak və E.Gilodinin “Güllü və Güloğlan” tamaşası üzərində məşqlər davam edir. Tamaşa martın axırlarında uşaqlara təqdim olunacaq. Yaradıcı kollektivin bu il bölgənin rayonlarına qastrol səfərləri də nəzərdə tutulur.