QAX MƏZUNLARINDAN 20 NƏFƏRİ 600 BALDAN YUXARI NƏTİCƏ GÖSTƏRMİŞDİR
AZƏRTAC xəbər verir ki, avqustun 29-da Qax şəhərində ali məktəblərə builki qəbul imtahanlarında 600 baldan yuxarı nəticə göstərərək, tələbə adını qazanmış məzunlarla, habelə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, 2007/2008-ci tədris ilində keçirilmiş “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi qalibləri ilə rayon rəhbərliyinin görüşü olmuşdur.
Qəbul imtahanlarında Qax məzunlarının göstərdikləri nəticələr barədə məlumat verən rayon təhsil şöbəsinin müdiri Məmməd Xasıyev bildirmişdir ki, builki məzunlardan 148 nəfəri ali məktəb tələbəsi adını qazanmışdır. Fərəhli haldır ki, məzunlardan 20 nəfəri 600 baldan, o cümlədən 6 nəfər məzun 650 baldan yuxarı nəticə göstərmişdir. Məzunlardan Rəşad Allahverdiyev 690, Tural Nəzirov və Elnur Əliyev isə 685 bal toplamışlar ki, bu da son illər üçün ən yüksək göstərici hesab olunur.
Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadə tələbə məzunları, habelə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsində qalib gəlmiş şəhər 2 saylı məktəb-liseyin direktoru Şəkər Abdullayevanı, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibləri Gülbəniz Seyidova və Vəfa Heydərovanı bu şərəfli ada layiq görülmələri münasibətilə təbrik etmiş, onlara təhsildə və pedaqoji fəaliyyətlərində uğurlar arzulamışdır.
Görüşün sonunda qəbul imtahanlarında yüksək nəticələr göstərmiş tələbələrə və müsabiqə qaliblərinə rayon icra hakimiyyətinin fəxri fərmanları və qiymətli hədiyyələri təqdim edilmişdir.
######
