İQTİSADİYYAT
Qaz qurğularında yaranan itkilərin hesablanması metodikası hazırlanmışdır
Bakı, 8 oktyabr (AZƏRTAC). ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən işlənilən “Qaz təsərrüfatı müəssisələrində texnoloji ehtiyaclara qaz sərfi və qazpaylayıcı şəbəkələrdə texniki itkilərin təyin olunma metodikası” və “Magistral qaz kəmərlərinin istismarında texnoloji ehtiyaclara qaz sərfi normalarının və normativ tələbatın təyin olunma metodikası” sənədlərinin son variantları “Azəriqaz” İB-yə təqdim edilmişdir.
İB-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, “Qaz təsərrüfatı müəssisələrində texnoloji ehtiyaclara qaz sərfi və qazpaylayıcı şəbəkələrdə texniki itkilərin təyin olunma metodikası”nda qaz təsərrüfatı müəssisələrinin balansında olan qaz təsərrüfatı obyektləri və qaz təchizatı sistemlərinə xidmət üzrə reqlament işlərinin aparılmasına sərf olunan qaz miqdarının, eləcə də qazın paylanmasını bilavasitə texniki vasitələrlə həyata keçirən qaz qurğularında yaranan qaz itkilərinin hesablanması qaydaları əksini tapır.
“Magistral qaz kəmərlərinin istismarında texnoloji ehtiyaclara qaz sərfi normalarının və normativ tələbatın təyin olunma metodikası”nda isə kompressor stansiyalarında yanacaq kimi istifadə olunan qazın sərfi, kompressor stansiyalarında texnoloji ehtiyaclar üçün işlədilən təbii qazın sərfi, magistral qaz kəmərlərinin xətti hissəsində texnoloji ehtiyaclara təbii qaz sərfi, kompressor stansiyalarında və magistral qaz kəmərlərinin xətti hissələrində yaranan texniki qaz itkiləri istiqamətləri üzrə hesablama qaydaları göstərilir. Hazırda həmin sənədlərə baxılıb rəy verilməsi və təsdiqə hazırlanması üzrə işlər aparılır.