Qazaxda “İnkişafın aspektləri elmi–siyasi yanaşmalar” mövzusunda elmi-praktik konfrans keçirilib
Qazax, 7 mart, Famil Quliyev, AZƏRTAC
Həyatımızın elə bir sahəsi yoxdur ki, orada qadın əməyi olmasın. Bu gün kişilərlə çiyin-çiyinə çalışan qadınlarımız elm, təhsil, səhiyyə, incəsənət, kənd təsərrüfatı və sənaye sahələrində fəaliyyət göstərirlər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatı Qadınlar Şurası tərəfindən “İnkişafın aspektləri elmi-siyasi yanaşmalar” mövzusunda keçirilən elmi-praktik konfransda səsləndirilib.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov konfransı açaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə həyata keçirilən layihələrdən danışıb. Cəmiyyətimizin bütün sahələrində çalışan qadınların böyük qüvvə olduğunu vurğulayan R.Babaşov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbriklərini çatdırıb.
Sonra YAP Qazax rayon təşkilatı Qadınlar Şurasının sədri Yeganə Göyüşlü “Təhsil sahəsinə dövlət qayğısı” mövzusunda məruzə ilə çıxış edib. Respublikamızda, eləcə də rayonda təhsil sahəsinə göstərilən dövlət qayğısından söz açan Y.Göyüşlü bildirib ki, “Təhsil millətin gələcəyidir” deyən ulu öndər Heydər Əliyevin bu dəyərli sözləri Qazaxda uğurla icra olunur.
Konfransda uşaq xəstəxanasının həkimi, YAP Qazax rayon Qadınlar Şurasının üzvü Sima Qapaqova “Səhiyyəyə dövlət qayğısı“, “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva “Tarixi abidələrimizə dövlət qayğısı“, Çaylı kənd 2 saylı tam orta məktəbin direktor müavini Sevil Göyüşova “Heydər Əliyev Fondu təhsil, səhiyyə və mədəniyyətin inkişafına dəstəkdir” mövzularında məruzələrlə çıxış ediblər.
Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək görülən işlərdən danışıb, Qazaxın ən abad və inkişaf etmiş rayonlardan birinə çevrildiyini deyib. Qeyd edib ki, dövlətimizin başçısının irəli sürdüyü proqram və vəzifələr rayonda uğurla həyata keçirilir və bu işdə partiya fəallarının əməyi xüsusilə böyükdür.
Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov elmi-praktik konfransa yekun vuraraq, müstəqil Azərbaycanın çiçəklənməsi naminə qadınlara fəaliyyətlərində uğurlar arzulayıb.