Qazaxıstan qonşu ölkələrə humanitar yardım göndərib
Bakı, 17 aprel, AZƏRTAC
Koronavirus pandemiyasına qarşı mübarizə dövründə qonşu ölkələrə iqtisadi yardım göstərən Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qırğızıstanın və Tacikistanın hər birinə ümumi dəyəri 3 milyon ABŞ dolları olan 5 min ton Qazaxıstan unu göndərməyə qərar verib.
AZƏRTAC xəbər verir ki, qərar əhalinin ərzaqla fasiləsiz təmin edilməsi üçün Qırğızıstanın və Tacikistanın rəsmi müraciətləri ilə bağlı qəbul olunub.
Qazaxıstan Prezidenti ilə telefon danışığı zamanı Tacikistan Prezidenti Emoməli Rəhmon hamı üçün çətin dövrdə tacik xalqına dəstəyə və humanitar yardımın göstərilməsinə görə ona təşəkkürünü bildirib. O, həmçinin Tacikistan vətəndaşlarının vətənə qaytarılmasında kömək göstərilməsinə və Qazaxıstan ərazisi ilə yüklərin tranzitinə görə minnətdarlığını bildirib.
Eyni zamanda, Qazaxıstanın və Qırğızıstanın Xarici İşlər nazirləri Muxtar Tileuberdi və Çingiz Aydarbekovun telefon danışığı zamanı qırğız tərəfi humanitar yardımın göstərilməsinə görə Qazaxıstana təşəkkürünü bildirib.
Yaxın vaxtlarda sözügedən yüklər Qırğızıstana və Tacikistana çatdırılacaq.
Qazaxıstan dünya birliyinin məsuliyyətli üzvü olaraq qlobal koronavirus pandemiyası zamanı kənarda qalmır və tərəfdaş ölkələrə tələb olunan humanitar yardımı göstərməyə davam edir. Belə ki, hələ cari ilin fevralında Qazaxıstan Çinə dəstək göstərən ilk ölkələrdən biri olaraq bu ölkəyə tibbi vasitələr göndərmişdi.
Ümumiyyətlə, humanitar yardımın göstərilməsi Qazaxıstanın xarici siyasətinin əsas istiqamətlərdən biridir. Ötən illər ərzində Qazaxıstan Antiqua və Barbuda, Əfqanıstan, Banqladeş, Qırğızıstan, Moldova, Monqolustan, Myanma, Pakistan, Serbiya, Suriya, Türkiyə, Yaponiya və s. ölkələrə müxtəlif yardımlar göndərib.