Qazaxıstandakı həmvətənlərimizə lazımi kömək göstərilir
Nur-Sultan, 20 aprel, AZƏRTAC
Qazaxıstanda yeni koronavirus pandemiyası ilə bağlı Prezidentin qərarına əsasən, ölkədə martın 16-dan fövqəladə vəziyyət tətbiq edildikdən sonra Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən bu ölkədə müvəqqəti qeydiyyatda olan, daimi yaşayan və ya səfərdə olan həmvətənlilərimiz üçün “qaynar xətt” yaradılıb.
Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov AZƏRTAC-a verdiyi müsahibədə bildirib ki, koronavirus pandemiyasının daha geniş vüsət almasına qarşı mübarizə tədbirləri çərçivəsində Azərbaycanın Qazaxıstandakı səfirliyinin konsulluq şöbəsi və Almatı şəhərindəki ofisi, eyni zamanda, Azərbaycan Respublikasının Aktau şəhərindəki baş konsulluğu vətəndaşların qəbulunu müvəqqəti olaraq dayandırıb. Qəbul səfirliyin, səfirliyin Almatı şəhərindəki ofisinin və Aktau şəhərindəki baş konsulluğun “qaynar xətt”ləri və elektron poçtları vasitəsilə aparılır.
Qazaxıstanda bütün şərnişindaşımaların müvəqqəti dayandırılması səbəbindən ölkədə qalmaq məcburiyyətində olan həmvətənlilərimizə bu ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətləri, iş adamları, Qazaxıstandakı Azərbaycan icma nümayəndələri tərəfindən lazımi diqqət və köməklik göstərilir. Səfirlik olaraq bu çətin məqamda yardım edən hər kəsə minnətdarlıq edirik.
Bundan başqa, səfirlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargaha və XİN-də yaradılan İşçi qrupuna mütəmadi olaraq müvafiq məlumatlar təqdim edilir.
Qeyd edək ki, koronovirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlər çərçivəsində iki ölkə arasında sərnişin daşımaları dayandırılmasına baxmayaraq, yüklərin daşınması davam etdirilir.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan