QƏBƏLƏ KƏRPİC ZAVODUNUN MƏHSULUNA TƏLƏBAT BÖYÜKDÜR
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də “Gilan Holding” Şirkətlər Qrupuna məxsus Qəbələ kərpic zavodunda olmuşdur. Müəssisənin kollektivi dövlət başçısını və ölkəmizin birinci xanımını səmimiyyətlə qarşıladı.Prezidentə məlumat verildi ki, müəssisənin tikintisinə 2004-cü ilin avqustunda başlanmış, keçən il istifadəyə verilmişdir. Lakin rəsmi açılışı olmamışdır. İndi Prezidentin rayona gəlişi ilə əlaqədar artıq bu zavod tam gücü ilə işə salınır. İstehsal gücü ildə 25-30 milyon ədəd olan müəssisədə 120 nəfər çalışır, orta aylıq əmək haqqı 150-180 manatdır. Avadanlıq Ukrayna və Rusiyadan gətirilmişdir. Burada Qafqazda analoqu olmayan texnologiya əsasında məhsul buraxılır. Yerli bazarda tələbat artır və məhsulu ixrac etmək də nəzərdə tutulur. Sifarişlər gündən-günə artır.
Prezident İlham Əliyev düyməni basaraq, zavodu yeni istehsal sahələri ilə birlikdə işə saldı, ayrı-ayrı sexləri gəzdi, texnoloji prosesi izlədi. Dövlətimizin başçısı müəssisələrin işçiləri ilə də görüşdü, tikinti sektorunda bu cür məhsula tələbatın çox olduğunu vurğuladı.