“Qəbələ” komandasının Avroliqadakı rəqibi “Borussiya” Bundesliqada qələbə qazanıb
Bakı, 17 oktyabr, AZƏRTAC
UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda “Qəbələ” klubu ilə qarşılaşacaq “Borussiya” (Dortmund) komandası Almaniya Bundesliqasında üç oyunluq fasilədən sonra qalib gəlib.
AZƏRTAC xəbər verir ki, son üç turda qələbəyə həsrət qalan dortmundlula nəhayət azarkeşlərini sevindiriblər. “Mayns” komandasının qonağı olan “Borussiya” görüşün 18-ci dəqiqəsində Marko Roysun qolu ilə hesabı açıb. İlk hissə bu hesabla başa çatıb. İkinci hissənin əvvəllərində “Mayns”ın qapısına penalti təyin edilib. Amma Marko Roys bu imkandan yararlana bilməyib. Lakin 82-ci dəqiqədə “Borussiya” futbolçuları ikinci qolu vurmağa nail olublar. Görüş Dortmund klubunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.