QƏBƏLƏ MÜALİCƏ-DİAQNOSTİKA MƏRKƏZİNİN TİKİNTİSİ İLƏ TANIŞLIQ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də Qəbələ rayonunda Müalicə-Diaqnostika Mərkəzinin tikintisi isə tanış olmuşdur.İnşaatçılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.
Prezidentə məlumat verildi ki, mərkəzin tikintisinə 2005-ci ildə başlanılıb, bu ilin avqust ayında inşaat işləri tamamlanacaqdır. ARDNŞ-in sifarişi ilə tikilən bu mərkəzə 4 milyon manat, o cümlədən avadanlığın, cihazların və digər inventarların alınması üçün 3,5 milyon manat vəsait xərclənəcəkdir.
Mərkəzin layihəsi ilə tanış olan dövlətimizin başçısı, artıq ölkəmizin 10 rayonunda bu cür səhiyyə ocaqlarının yaradıldığını xatırladaraq dedi ki, Qəbələdə də belə bir mərkəzin istifadəyə verilməsi əhaliyə göstərilən səhiyyə xidmətinin səviyyəsini yüksəldəcəkdir. Prezident İlham Əliyev Lənkəran Müalicə-Diaqnostika Mərkəzində açıq ürək üzərində əməliyyat aparıldığını vurğuladı və bildirdi ki, gələcəkdə Qəbələdən də xəstələrin Bakıya getməsinə ehtiyac qalmayacaq, burada da mürəkkəb cərrahiyyə əməliyyatlarının keçirilməsi mümkün olacaqdır. Dövlətimizin başçısı müalicə-diaqnostika mərkəzinin xarici görünüşünün də müasir standartlara uyğun olması üçün tövsiyə və tapşırıqlarını verdi.
Prezident İlham Əliyev inşaatçılarla da görüşüb söhbət etdi. Qəbələ rayonunda bundan sonra da tikinti işlərinin hələ çox olacağını bildirdi və onlara uğurlar arzuladı.