Qəbələ sakininin xəstəxanada ölməsi faktı üzrə başlanılmış cinayət işi məhkəməyə göndərilib
Bakı, 9 yanvar, AZƏRTAC
Ötən il iyunun 26-da Qəbələ şəhər sakini, 2009-cu il təvəllüdlü Məleykə Məmmədovanın “Qəbələ Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in Cərrahiyyə şöbəsində ölməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Qəbələ Rayon Prokurorluğundan AZƏRTAC-a verilən məlumata görə, istintaq nəticəsindən həmin tibb müəssisəsinin cərrahiyyə şöbəsinin həkim-otorinolarinqoloqu Elçin Mahmudov tərəfindən “ikitərəfli tonzillektomiya” cərrahiyyə əməliyyatının texniki qüsurla icra edilməsi nəticəsində M. Məmmədovanın stasionar müalicə aldığı xəstəxanada kəskin qanitirmə nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Elçin Mahmudov cinayət işi üzrə Cinayət Məcəlləsinin 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulan ittiham elan olunub, barəsində isə istintaq orqanının qərarı ilə başqa yerə getməmək haqqında iltizam növündə qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.