QƏBƏLƏ TİCARƏT KOMPLEKSİNDƏ 700 NƏFƏR İŞ YERİ İLƏ TƏMİN EDİLMİŞDİR
Azərbaycan Prezidenti İlham Əliyev martın 2-də “Gilan Holding” Şirkətlər Qrupunun inşa etdiyi Qəbələ Ticarət Kompleksi ilə tanış olmuşdur.İş adamları, ticarətçilər, dövlətimizin başçısını və xanımını səmimiyyətlə qarşıladılar, balaca uşaqlar şeir söylədilər.
Prezidentə məlumat verildi ki, 4,6 hektar ərazidə yerləşən kompleksin tikintisi 2005-ci ilin iyun ayında başlanmış, keçən ilin sonunda tamamlanmışdır. Ümumilikdə 2 milyon 625 min manat vəsait xərclənmişdir. Əhaliyə nümunəvi xidmət göstərilən kompleksdə ən müxtəlif mallar, habelə kənd təsərrüfatı məhsulları satılır. Burada 700 nəfər özünə iş yeri tapmışdır.
Prezident İlham Əliyev geyim dəstləri, kompleksin süd, meyvə-tərəvəz, ət və ət məhsulları satılan bölmələrini gəzdi, malların çeşidləri, qiyməti, keyfiyyəti ilə maraqlandı.
Satıcılar, fermerlər onlara yaradılan müasir şəraitə, regionların sosial-iqtisadi inkişafına, kəndli fermer təsərrüfatlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına dərin minnətdarlıqlarını ifadə edərək dedilər ki, Allah Sizdən razı olsun. Siz bizim sevimli Prezidentimizsiniz, Sevimli Mehriban xanım da xoş gəlibdir. Dolanışığımız gündən-günə yaxşılaşır. Satışa çıxarılan bütün məhsulların xeylisini özümüz istehsal edirik, qiymətlər də nisbətən ucuzdur.
Prezident İlham Əliyev əhaliyə satılan kənd təsərrüfatı məhsullarının keyfiyyətindən və bu cür müasir ticarət obyektlərinin fəaliyyətindən razılığını bildirdi.