Qəbələ və ətraf rayonların əhalisinə pulsuz hüquqi yardım göstərilib
Bakı, 25 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Vəkillər Kollegiyası Prezident İlham Əliyevin ötən il fevralın 22-də imzaladığı “Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncama əsasən, hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslərə ödənişsiz hüquqi xidmətlərin göstərilməsini davam etdirir.
Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, bu tövsiyənin icrası ilə bağlı həyata keçirilən tədbirlər çərçivəsində Vəkillər Kollegiyasının təşəbbüsü ilə “BHM və partnyorları” vəkil bürosu tərəfindən Qəbələ şəhərindəki Mədəniyyət Mərkəzində Qəbələ və ətraf rayonlarda yaşayan aztəminatlı əhaliyə ödənişsiz hüquqi yardım göstərilib.
Kollegiyanın üzvləri 30-dan çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərib, onların problemləri ilə tanış olub, müvafiq məsləhətlər verib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazıblar.
Xatırladaq ki, dövlətimizin başçısının Sərəncamına əsasən, Vəkillər Kollegiyasına hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərmək tövsiyə edilib. Bu tövsiyənin icrası ilə əlaqədar aidiyyəti tədbirlər respublikanın digər regionlarında da təşkil olunacaq.