Qəbələdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş turnirdə 20 tennisçi mübarizə aparıb
Qəbələ, 18 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələ rayonunda 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar təşkil edilən yeniyetmələr arasında stolüstü tennis üzrə xatirə turniri başa çatıb. Qəbələ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda 20 idmançı mübarizə aparıb.
İdarədən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, turnirin keçirilməsində məqsəd 20 Yanvar faciəsinın acı nəticələrini gənc nəslə çatdırmaq, həmçinin rayonda stolüstü tennis idman növünü inkişaf etdirmək, yarış iştirakçılarının idman ustalıqlarını artırmaqdır.
Turnirin açılış mərasimində rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ədalət Əliyev çıxış edərək, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarın Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildiriblər.
20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yekun nəticələrə əsasən, Amil Tağıyev turnirin qalibi adını qazanıb. Ömər Xurşudov və Həsrət Xurşudov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.
Turnirin qaliblərinə rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim edilib.