QƏBƏLƏDƏ AQRAR BÖLMƏ İNKİŞAF YOLUNDADIR
Qəbələ rayonunda fəaliyyət göstərən torpaq mülkiyyətçiləri əsasən taxılçılıq, meyvəçilik və tərəvəzçiliklə məşğul olurlar.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, cari ildə bu sahələrdə məhsul istehsalı xeyli artmışdır. Bu il 4506 hektar sahədə yazlıq bitkilər əkilmişdir ki, bunun da 908 hektarını dən qarğıdalı, 1087 hektarını katrof, 1939 hektarını tərəvəz, 977 hektarını birillik və çoxillik otlar, 120 hektarını isə bostan bitkiləri təşkil edir.
Taxıl biçini vaxtından əvvəl başa çatdırılmış, məhsul istehsalı ötən illə müqayisədə 430 ton artaraq 36 min 671 tona çatdırılmışdır.
Bu günədək rayonda 6573 ton kartof, 3522 ton tərəvəz, 777 ton bostan məhsulları və 2671 ton meyvə toplanmışdır. Məhsul yığımı davam etdirilir.
İstehsal olunan kənd təsərrüfatı məhsullarından 400 ədəd nümunə götürülərək rayon aqrokimya laboratoriyasında analiz edilmiş və nəticələri barədə istehsalçılara məlumat verilmişdir. Rayonda mövcud olan əkin sahələrində torpağın münbitliyini öyrənmək məqsədi ilə 1470 ədəd nümunə götürülərək analiz üçün Bakı və Gəncə şəhərlərindəki laboratoriyalara göndərilmişdir.
Bakı şəhərində təşkil edilən kənd təsərrüfatı məhsullarının satışı yarmarkalarında rayonun fermer və sahibkarları da fəal iştirak edirlər. İlin əvvəlindən bu günədək rayondan həmin yarmarkalara 21 ton alma, 7,5 ton qoz, 6 ton şabalıd, 9,5 ton fındıq, 1,2 ton xurma, 1 ton gilas, 1,5 ton alça göndərilmişdir.
Eyni zamanda ötən yarım ildə rayonda meyvəçiliyin inkişafı məsələsi sahibkarların və fərdi təsərrüfat subyektlərinin diqqət mərkəzində olmuşdur. Bu il 222 hektar sahədə yeni üzümlük, 213 hektarda meyvə bağları salınmışdır. Bundan əlavə, 80 hektar sahədə mədəni meşə ağacları əkilmişdir ki, bunun da əksər hissəsini qiymətli meşə cinsləri olan qoz, şabalıd, şam, ağcaqayın, göyrüş ağacları təşkil edir.