QƏBƏLƏDƏ HEYVANDARLIĞIN İNKİŞAFI ÜÇÜN TƏDBİRLƏR GÖRÜLÜR
Qəbələ, 19 aprel (AZƏRTAC). Qəbələ rayonunda heyvandarlıq məhsullarının istehsalı kəndlilərin əsas məşğuliyyət sahələrindəndir. Fermerlər və fərdi təsərrüfat sahibləri hazırda 51 min 645 baş iribuynuzlu mal-qara, 216 min 100 baş davar, 314 min 830 baş ev quşu bəsləyirlər. Son ildə rayonda ət istehsalı 70 ton artaraq 5 min 286 tona, süd istehsalı 303 ton artaraq 25 min 473 tona, yumurta istehsalı 95 min ədəd artaraq 7 milyon 925 min ədədə, yun istehsalı isə 5 ton artaraq 432 tona çatdırılmışdır.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, Qəbələdə heyvandarlıq komplekslərinin yaradılması, heyvanların cins tərkibinin yaxşılaşdırılması, damazlıq keyfiyyətinin yüksəldilməsi məsələləri daim diqqət mərkəzindədir. Mal-qaranın baş sayının artırılmasında süni mayalanma mühüm rol oynayır. Bu məqsədlə rayonun 7 inzibati ərazisində süni mayalanma məntəqəsi yaradılmış və baytar həkimləri lazımi avadanlıqla təmin olunmuşdur.
Köçəri maldarlıqla məşğul olan fiziki və hüquqi şəxslərlə söhbətlər aparılmış, davarların qış otlaqlarından yay otlaqlarına köçürülməsi üçün tədbirlər görülmüşdür. Rayonda arıçılığın daha da inkişaf etdirilməsi üçün bu sahədə çalışanlarla mütəxəssislərin görüşü keçirilmiş, arıçılar arasında işlərin əlaqələndirilməsi üçün Qəbələ Rayon Arıçılar Cəmiyyəti yaradılmışdır.
Rayonda həmçinin atçılıq idman növünün inkişaf etdirilməsi və turizmdə atlardan istifadə olunması üçün də tədbirlər görülür. Atçılıqla məşğul olan şəxslərdən bir neçəsinin gələcəkdə F.Ə.Məlikov adına Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunda təşkil edilən ixtisasartırma kurslarına göndərilməsi nəzərdə tutulur.