Qəbələdə keçirilən konfransda Ümummilli Lider Heydər Əliyevin xidmətlərindən danışılıb
Qəbələ, 8 may, AZƏRTAC
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyi ilə əlaqədar Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə konfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, konfransdan öncə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev dövlət müstəqilliyimizin möhkəmləndirilməsində misilsiz xidmətləri olan, xalqımızın xilaskarı, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən tədbirlərdən, iqtisadi islahatlardan, ideoloji prinsiplərdən danışıb. Ümummilli Liderin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini və yeni çalarlarla zənginləşdirildiyini diqqətə çatdırıb.
Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib, Ulu Öndərin rəhbərliyi ilə həyata keçirilən böyük layihələrdən, Qəbələ rayonuna səfərlərinin əhəmiyyətindən bəhs edib.
Yeni Azərbaycan Partiyası (YAP) Qəbələ rayon təşkilatının sədr müavini Anar Şirinov YAP-ın yaranmasından, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə partiyanın əldə etdiyi nailiyyətlərdən və bu ənənələrin bu gün də davam etdirilməsindən danışıb.
Sonda Səbuhi Abdullayev yeniyetmə və gənclərin maarifləndirilməsi məqsədilə Heydər Əliyev irsinin təbliği və təşviqinin əhəmiyyətini vurğulayıb və bu işlərdə hər kəsə uğurlar arzulayıb.
Müxbir - Rasim İslamoğlu