QƏBƏLƏDƏ TƏHSİL İŞÇİLƏRİNİN KONFRANSI KEÇİRİLMİŞDİR
AZƏRTAC xəbər verir ki, Qəbələ şəhərində təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilmişdir.
Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Oqtay Hacıyev, Təhsil Nazirliyinin şöbə müdiri Yəhya Kərimov, rayon təhsil şöbəsinin müdiri Fərman Hacıyev ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlardan danışmış, bu işdə dövlət başçısı İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndirmişlər.
Rayon təhsil şöbəsinin müdiri F.Hacıyev son bir ildə Qəbələdə təhsil sahəsində görülmüş işlər barədə hesabat vermişdir. O qeyd etmişdir ki, bu il orta məktəbləri bitirən 1475 məzundan 824-ü ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmişdir. Abituriyentlərdən 337 nəfəri tələbə adını qazanmışdır. Onlardan 63 nəfəri 500-dən çox, 16 nəfəri isə 600-dən yuxarı bal toplamışdır.
Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Qəmərvan kəndində 320 şagird yerlik, Yemşənli kəndində 380, Savalan kəndində 100 şagird yerlik yeni məktəb binalarının inşası başa çatdırılmışdır.
Konfransda son bir il ərzində görülmüş işlər və qarşıda duran vəzifələr geniş müzakirə olunmuş, Azərbaycan müəllimlərinin növbəti qurultayına nümayəndələr seçilmişdir.