Qəbələdə “Xəmsə” intellektual oyunu üzrə birincilikdə 8 komanda mübarizə aparıb
Qəbələ, 3 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Qəbələdə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu üzrə yeniyetmələr arasında rayon birinciliyinə yekun vurulub. Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, rayon Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilən birincilikdə 8 komanda mübarizə aparıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ rayon Gənclər və İdman İdarəsindən məlumat verilib.
Yekun nəticələrə əsasən, Nohurqışlaq kənd tam orta məktəbin komandası oyunun qalibi adını qazanıb. Sonrakı yerləri Qəbələ şəhər 1 saylı və Vəndam qəsəbə 1 saylı tam orta məktəblərin komandaları tutublar.
Qalib komandalara rayon Gənclər və İdman İdarəsinin kubok və diplomları təqdim edilib.