“Qəbələ”nin UEFA Gənclər Liqasındakı potensial rəqibləri müəyyənləşib
Bakı, 3 sentyabr, AZƏRTAC
Sentyabrın 4-də futbol üzrə UEFA Gənclər Liqasının Çempionlar yolunda yarışlarının püşkatma mərasimi keçiriləcək. İsveçrənin Nyon şəhərində baş tutacaq tədbirdə “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının rəqibi də müəyyənləşəcək.
AZƏRTAC xəbər verir ki, püşkatmada UEFA reytinqinə əsasən, seçilmiş 32 ölkənin çempionunun qatıldığı yol üzrə iki mərhələsinin cütləri müəyyənləşəcək. AFFA-nın keçirdiyi Gənclər Liqasının çempionu olan “Qəbələ”nin ilk raunddakı rəqibi, həmçinin bu cütün qalibi ilə qarşılaşacaq digər dueldə üz-üzə gələn komandalar bəlli olacaq.
Artıq püşkatmaya qatılacaq çempionların hamısı dəqiqləşib. “Qəbələ”nin potensial rəqibi olan 31 komanda bunlardır - “Herta” (Almaniya), “Çelsi” (İngiltərə), “Monpelye” (Fransa), “Anji” (Rusiya), “Dinamo” (Kiyev, Ukrayna), “Anderlext” (Belçika), “Altınordu” (Türkiyə), “Siqma” (Çexiya), “Bazel” (İsveçrə), PAOK (Yunanıstan), “Admira” (Avstriya), “Dinamo” (Zaqreb, Xorvatiya), “Vitorul” (Rumıniya), “Midtyulland” (Danimarka), “Minsk” (Belarus), “Lex” (Polşa), “Elfsborq” (İsveç), “Makkabi” (Təl-Əviv, İsrail), “Hamilton Akademikal” (Şotlandiya), AEK (Limassol, Kipr), “Molde” (Norveç), “Septemvri” (Bolqarıstan), “Astana” (Qazaxıstan), “Maribor” (Sloveniya), “Jilina” (Slovakiya), “İlleş Akademiya” (Macarıstan), “Şerif” (Moldova), “Reykyavik” (İslandiya), HİK (Finlandiya), “Vlajniya” (Albaniya) və “Bohemian” (İrlandiya).
Birinci mərhələnin oyunları oktyabrın 3-də və 24-də baş tutacaq. Bu raundun qaliblərinin qatılacağı ikinci mərhələnin matçları isə noyabrın 7-də və 28-də keçiriləcək.