Qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı maarifləndirici görüşlər davam edir
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Şəki-Zaqatala regional bölməsinin fitosanitar müfəttişləri tərəfindən qəhvəyi mərmər bağacığına qarşı payız-qış dövründə həyata keçiriləcək mübarizə tədbirləri ilə bağlı Balakən Rayon İcra Hakimiyyətində geniş maarifləndirici görüş keçirilib.
Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, görüşdə rayon rəhbərliyi, kənd icra nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Qəhvəyi mərmər bağacığının yayılma xüsusiyyətləri, təsərrüfata vurduğu zərər və ona qarşı mübarizənin effektiv üsulları barədə geniş məlumat verilib. Qeyd olunub ki, zərərverici ilə mübarizədə vətəndaşların, yerli sakinlərin fəal iştirakı mühüm əhəmiyyət daşıyır. Vurğulanıb ki, sakinlər payız-qış mövsümündə bağacığın qışlama yerlərini aşkar edib, fərdlərini toplayaraq məhv etdikdə, onun populyasiyası növbəti mövsümdə əhəmiyyətli dərəcədə azala bilər.
Görüşün sonunda iştirakçılara maarifləndirici bukletlər, kitabçalar və broşürlər paylanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Bundan başqa, agentliyin regional bölməsinin əməkdaşları Zaqatala və Balakəndə fərdi evlərə baş çəkir, yerli əhali ilə maarifləndirici görüşlər keçirirlər. Görüşlərdə ev şəraitində zərərvericiyə qarşı mümkün mübarizə tədbirləri barədə məlumatlar çatdırılır.