Qəsdən adam öldürməkdə şübhəli bilinən Goranboy rayon sakini saxlanılıb
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 10-da Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisindən qəsəbə sakini Faiq İsgəndərovun bıçaq xəsarəti ilə xəstəxanaya gətirilərkən yolda ölməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayonun polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin münaqişə zəminində onun həmyerlisi K.Məmmədov tərəfindən törədilməsi və “VAZ-2107” markalı avtomobildə hadisə yerini tərk etməsi müəyyənləşib.
DİN-in “Təhlükəsiz Şəhər” Xidmətinin əməkdaşları tərəfindən həmin nəqliyyat vasitəsinin Gəncə şəhəri ərazisində hərəkətdə olması aşkarlanıb.
Qəsdən adam öldürməkdə şübhəli bilinən K.Məmmədov Goranboy Rayon Polis Şöbəsi və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.