Qida Təhlükəsizliyi Agentliyində işə yeni qəbul olunan dövlət qulluqçularına təlim keçirilib
Bakı, 26 fevral, AZƏRTAC
Qida Təhlükəsizliyi Agentliyində vakant dövlət qulluğu vəzifəsinə qəbulda uğurlu nəticə göstərərək agentliyin Aparatında işlə təmin olunan əməkdaşlarla görüş keçirilib.
Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, görüş zamanı əməkdaşlara dövlət qulluqçularının etik davranış qaydaları haqqında Azərbaycan Respublikasının qanunun tələblərinə riayət edilməsinin vacibliyi barədə məlumat verilib.
Təlim çərçivəsində korrupsiyaya qarşı mübarizə, daxili intizam qaydaları, dövlət qulluqçusunun əməl etməli olduğu əsas etik prinsiplər, etik davranış qaydalarına əməl olunmasına nəzarət və s. barədə məlumatlar dövlət qulluqçularının diqqətinə çatdırılıb.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Agentliyinin Aparatında vakant olan bəzi inzibati vəzifələrin tutulması üçün Dövlət İmtahan Mərkəzi tərəfindən 2018-ci il noyabrın 5-də elan edilmiş müsabiqə üzrə müsahibədə 27 nəfər iştirak edib. Onlardan 19-u vakant dövlət qulluğu vəzifəsinə uyğun hesab edilib və müvafiq vəzifələrə təyin olunub, 8 nəfər agentliyin ehtiyat kadrları siyahısına əlavə edilib.