CƏMİYYƏT
Qida Təhlükəsizliyi Agentliyinin sədri Sumqayıtda vətəndaşları qəbul edəcək

Bakı, 27 fevral, AZƏRTAC
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2024-cü ilin mart ayı üzrə regionlarda vətəndaş qəbulu qrafikinə uyğun olaraq, Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 7-si saat 10:00-da Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində Sumqayıt şəhəri və Abşeron, Xızı, Qubadlı, Zəngilan rayonlarından olan vətəndaşları qəbul edəcək.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qurumun səlahiyyət dairəsinə aid məsələlərlə (qida məhsullarının təhlükəsizliyi, baytarlıq və fitosanitar nəzarətinə dair normativ tənzimləmə, qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı, qida təhlükəsizliyi, fitosanitar və baytarlıq sertifikatlarının verilməsi və s.) bağlı adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 6-dək qəbula yazılmaq mümkündür.
Eyni zamanda agentliyin region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən, qida məhsulları mühəndisliyi, istehlak mallarının ekspertizası və marketinqi, metrologiya, standartlaşdırma və sertifikasiya mühəndisliyi, tibbi profilaktika, aqronomluq, bitki mühafizəsi, kimya, biologiya, torpaqşünaslıq və aqrokimya, baytarlıq ixtisasına yiyələnmiş vətəndaşlar müraciət edə bilərlər.