Qırğızıstan Diplomatik Akademiyasının professor- müəllim və magistr heyəti Azərbaycan haqqında məlumatlandırılmışdır
Bişkek, 2 iyun (AZƏRTAC). Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Diplomatik Akademiyasında professor-müəllim və magistr heyəti ilə görüş keçirmişdir.
Akademiyanın rektoru, professor Nurlan Aymurzayev səfirin həyat və fəaliyyəti haqqında məlumat vermişdir.
H.Orucov mühazirəsində Azərbaycan Respublikasının daxili və xarici siyasətindən danışmış, 96 il bundan əvvəl - 1918-ci il mayın 28-də müsəlman dünyasında ilk demokratik respublika - Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması haqqında məlumat vermişdir. O demişdir ki, çətin ictimai-siyasi şəraitdə AXC cəmi 23 ay fəaliyyət göstərsə də, müstəqil demokratik dövlətin təməlini qoymuşdur.
Səfir demişdir ki, 1991-ci ildə Azərbaycan xalqı müstəqilliyini bərpa etmək və Azərbaycanın dövlətçiliyini inkişaf etdirərək möhkəmləndirmək üçün tarixi fürsət əldə etmişdir. Həmin vaxtlar Azərbaycan Ermənistanın hərbi təcavüzünə məruz qalmışdı, ölkədə ağır iqtisadi böhran və daxili qeyri-sabitlik hökm sürürdü.
H.Orucov demişdir ki, 1993-cü ildə Azərbaycan xalqının təkidli tələbi ilə dünya şöhrətli siyasətçi Heydər Əliyev hakimiyyətə qayıtdı. Ümummilli Lider prezident seçkilərindən dərhal sonra Azərbaycanın müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi istiqamətində uğurlu strategiyanın həyata keçirilməsinə başladı.
Səfir qeyd etmişdir ki, müasir Azərbaycanın memarı olan Heydər Əliyev dövlət institutlarını təkmilləşdirdi, xarici əlaqələrimizin genişləndirilməsi sahəsində uğurlu addımlar atdı, enerji strategiyasını reallaşdırdı və ölkənin uzunmüddətli inkişafının təməli qoyuldu.
H.Orucov bildirmişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə yönəlmiş strategiyası onun siyasi irsinin layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfir Qərb ilə Şərqin qovuşuğunda yerləşən Azərbaycanın strateji mövqeyi haqqında məlumat vermiş, Avropa ölkələrindən Asiya bazarlarına və əksinə malların daşınması üçün dəhliz əldə etməsi barədə danışmışdır. Bu mənada Orta Şərq və Asiya ölkələri ilə əlaqələr Azərbaycanın xarici siyasətində mühüm yer tutur. Səfir Azərbaycanda milli və millətlərarası həmrəylik, dini tolerantlığın mövcud olduğunu, demokratik, hüquqi və dünyəvi dövlətin möhkəmlənməsi istiqamətində görülən işlər haqqında da məlumat vermişdir.
Sonra diplomat professor-müəllim heyətinin, aspirantların və magistrlərin suallarını cavablandırmışdır.
Mühazirənin sonunda səfir Diplomatik Akademiyanın rəhbərliyinə, professor-müəllim, magistr heyətinə təşəkkürünü bildirmiş, “ADA” Universiteti ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsini tövsiyə etmişdir.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek