QIRMIZI QƏSƏBƏ SAKİNLƏRİ İLƏ GÖRÜŞ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, iyulun 25-də Azərbaycan Prezidenti İlham Əliyev Quba rayonunda dağ yəhudilərinin yaşadığı Qırmızı qəsəbəyə gəlmişdir.
Qəsəbənin sakinləri dövlətimizin başçısı İlham Əliyevi və xanımı Mehriban Əliyevanı böyük hörmət və ehtiramla, gül-çiçəklə qarşıladılar. Qəsəbənin mərkəzində sakinlərlə keçirilən görüşü buradakı 1 nömrəli orta məktəbin müəllimi Yevda Abramov açdı.
QIRMIZI QƏSƏBƏDƏKİ 1 NÖMRƏLİ ORTA MƏKTƏBİN
MÜƏLLİMİ YEVDA ABRAMOVUN ÇIXIŞI
- Möhtərəm cənab Prezident!
Hörmətli Mehriban xanım!
Xanımlar və cənablar!
Bakının Maştağa qəsəbəsi istisna olmaqla, Azərbaycanın elə bir yaşayış məntəqəsi yoxdur ki, bir ilin içərisində Prezident oraya ikinci dəfə gəlsin. Cənab Prezident, belə şərəfli anı bizə ikinci dəfə bəxş etdiyinizə görə Sizə Qırmızı qəsəbədə yaşayan dağ yəhudiləri adından, qəsəbənin bütün sakinləri adından bir daha minnətdarlığımızı bildirir, Sizə “Xoş gəldiniz!” deyirik!
Cənab Prezident, ötən bu bir ildə Azərbaycan çox böyük addımlar atmışdır. Sizin düzgün daxili və xarici siyasətinizin nəticəsidir ki, bu gün BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz Əməkdaşlıq Təşkilatı, GUAM və digər mühüm beynəlxalq və regional təşkilatlarda respublikamızın öz yeri var. Bütün Azərbaycan xalqı kimi, dağ yəhudiləri də Sizin bu müvəffəqiyyətlərinizlə daim qürrələnirlər, Sizə minnətdardırlar.
Cənab Prezident, mart ayının 26-da nümayəndəsi olduğum YAP-ın 3-cü qurultayında Yeni Azərbaycan Partiyasının üzvləri Sizi yekdilliklə partiyanın sədri seçdilər. Bu münasibətlə, qəsəbənin, Quba rayonunun bütün YAP-çıları adından Sizi bir daha təbrik edir, Sizə uzun ömür, bu işdə böyük müvəffəqiyyətlər arzulayırıq.
Son aylarda Sizin regionlara səfərlərinizi diqqətlə izləyirik. Bu, bir daha sübut edir ki, Siz xalqımızın Prezidentisiniz. Özünüzün də dediyiniz kimi, hər bir vətəndaşın Prezidentisiniz. Siz xalqın qayğıları ilə kabinetdə yox, məhz yaşayış məntəqələrində əhali ilə görüşərək, gözünüzlə görməklə, insanların dilindən eşitməklə tanış olmaq istəyirsiniz. Bu, Sizin alicənablığınızdır. Bu gün də bizim regiona gəlməyiniz Sizin bu alicənablığınızın təzahürüdür.
Son bir ildə Qubada böyük dəyişikliklər baş vermişdir. Cənab Prezident, bu dəyişiklikləri özünüz görəcəksiniz. O cümlədən Qırmızı qəsəbədə böyük abadlıq işləri görülmüşdür. Həm respublikada, həm Qubada, həm də qəsəbəmizdə gedən abadlıq, quruculuq işləri yalnız Sizin sayənizdə mümkün olmuşdur. Sizin maliyyə dəstəyiniz, Sizin mənəvi dəstəyiniz olmasaydı bu gün regionlar belə inkişaf etməzdi. Biz də - qəsəbə sakinləri, yerli icra orqanları, partiya təşkilatı, fəalliyyətimizi Sizin 2004-cü il 11 fevral Fərmanınızla təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafı Dövlət proqramına əsasən qurmuşuq.
Cənab Prezident, qəsəbə sakinləri Sizin keçən il sentyabrın 29-da Kolumbiya Universitetində bizim əhalimiz barədə dediyiniz sözlərə görə bir daha Sizə minnətdardırlar. Prezidentin adından milli azlığa belə yüksək qiymət verilməsi, başqa yerlərdə yaşayan xalqlara nəsib ola bilməz. Bu, yalnız dağ yəhudilərinə nəsib olmuşdur. Sizin dağ yəhudiləri Azərbaycan xalqının qardaşıdır, o cümlədən mənim qardaşımdır sözləriniz bu gün dünyada yaşayan 200 min dağ yəhudisinin dilində əzbər olmuşdur. Biz bu gün Sizin arxanızda duran əsgərlərik və daim, nə qədər canımız sağdır, Sizə dayaq olacağıq. Siz bizə güvənə bilərsiniz.
Cənab Prezident, gördüyünüz işlər göz qabağındadır. Vaxt imkan vermir ki, Sizin dünya siyasətində, dünya iqtisadiyyatında Azərbaycan üçün etdiyiniz məsələlərin hamısını danışaq. Lakin biz seçkilərə gedirik və bilirik ki, bu seçkilərin şəffaf olmasında ən birinci Siz maraqlısınız. Çalışacağıq ki, prezident seçkiləri kimi, bu seçkilər də şəffaf, aydın və düzgün olsun. Milli Məclisə Quba rayonundan yaxşıların-yaxşısı seçiləcəkdir.
Hörmətli Mehriban xanım, biz Sizin ictimai fəaliyyətinizlə fəxr edirik. Ulu öndərin adını daşıyan Fonda rəhbərliyiniz bizə şərəf gətirir, Sizinlə qürrələnirik. Ona görə də qəsəbə sakinləri, veteranlar, ziyalılar - biz sizə müraciət qəbul etmişik, Mərkəzi Seçki Komissiyasına məktub göndərmişik. Bir daha bu gün əyani surətdə Sizdən xahiş edirik, Qubadan deputat seçilməyə razılıq verəsiniz.
Cənab Prezident, bir daha əmin ola bilərsiniz ki, biz Sizin rəhbərliyiniz altında xoş, firavan həyat keçiririk. Prezident səviyyəsinə çıxarılacaq elə bir problemimiz yoxdur. Hər şeyi rayonun yerli rəhbərliyi ilə həll edə bilirik. Lakin, əlbəttə, hər şey yüz faiz yaxşıdır demək də düzgün olmaz. Amma əmin ola bilərsiziniz ki, qəsəbədə yaşayan dağ yəhudiləri bundan sonra da Sizə, ölkə rəhbərliyinə dəstək olacaq, Sizin daxili və xarici siyasətinizi daim müdafiə edəcəyik.
Yaşasın ümummilli liderimiz, böyük öndərimiz, unudulmaz Heydər Əliyevin layiqli siyasi davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev!
Bütün millətlərə, eləcə də azsaylı xalqlara bərabərhüquqlu yaşamaq təminatı vermiş Azərbaycan Prezidenti İlham Əliyevə eşq olsun!
Azərbaycan Respublikasına eşq olsun!
X X X
Azərbaycan Prezidenti İlham Əliyev görüşdə nitq söylədi.